Qlobal Forum çərçivəsində ikitərəfli görüşlər

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində bir sıra görüşlər keçirib.

 

Forumda iştirak edən Səudiyyə Ərəbistanının informasiya və mədəniyyət naziri ilə görüşdə ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanın tolerant ölkə olaraq hər zaman mədəni dialoqa açıq olduğunu bildirən Əbülfəs Qarayev qonağa respublikamızda keçirilən beynəlxalq tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, gələn il Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları müsəlman dövlətləri arasında birliyin daha da möhkəmlənməsinə xidmət edəcək.

Səudiyyə Ərəbistanı naziri Qlobal Forumun təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib, ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Əbülfəs Qarayev iki ölkənin mədəniyyət, eləcə də turizm sahəsində münasibətlərinin davamlı inkişafı üçün qarşılıqlı səylərin vacibliyini bildirib, Azərbaycanda keçirilən musiqi festivallarında, kitab sərgilərində Səudiyyə Ərəbistanını yaxından iştirak etməyə dəvət edib.

* * *

İtaliya mədəniyyət nazirinin müavini Dorina Biançi ilə görüşdə iki ölkə arasında mədəni əlaqələr müzakirə edilib.

Əbülfəs Qarayev ikitərəfli münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin, o cümlədən iki ölkənin muzeyləri arasında əlaqələrin vacibliyini vurğulayıb.

Ölkəmizin turizm potensialının özəlliklərini diqqətə çatdıran nazir bu sahədə görülən işlər, turizmin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, Azərbaycan TurizmMenecment Universiteti, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək, Kənd Yaşıl Turizminin İnkişafına Dəstək ictimai birlikləri haqqında qonaqları məlumatlandırıb.

Dorina Biançi yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək İtaliya ilə Azərbaycan arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

* * *

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İran İslam Respublikasının vitse-prezidenti, bu ölkənin Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məsud Soltanifər ilə də görüşüb.

Qonaq forumun yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirərək tədbir çərçivəsində müzakirə edilən mövzuların əhəmiyyətini və qloballaşan dünyada inklüziv cəmiyyətdə birgəyaşamaya dair Azərbaycanın çağırışını dəstəklədiklərini ifadə edib.

Nazir bildirib ki, Azərbaycanda bu tipli tədbirlərin keçirilməsində bir məqsədin də regionun, ölkələrin siyasətini tanıtmaqdan ibarət olduğunu bildirib. Biz istərdik ki, bizim ölkələrin mövqeyi bütün dünya tərəfindən tanınsın və buranın sülh, əmin-amanlıq diyarı olduğu bilinsin. İran və Azərbaycanın rəhbərləri iki dövlətin dostluğuna çox böyük səy göstərirlər. Ona görə də biz bu siyasətdən bütün istiqamətlərdə, o cümlədən mədəniyyət və turizm sahəsində də istifadə etməliyik. Bütün sahələrdə birgə çalışmalıyıq ki, əməkdaşlığımız da nümunə olsun.

Öz növbəsində Məsud Soltanifəri bildirib ki, son illərdə Azərbaycanla münasibətlərdə böyük işlər görülür. İran dövləti Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün maraq göstərir. İldən-ilə ölkələrimiz arasında turist axınının sayı yüksəlir. Fikrimizbu istiqamətdə müştərək əməkdaşlığı davam etdirməkdir. Mədəniyyətimiz, dilimiz, tariximiz yaxın olduğu üçün bu il Novruz bayramı ərəfəsində 50 minə yaxın vətəndaşımız Azərbaycana səfər edib. İnanırıq ki, bu işbirliyi iki ölkənin də turizm potensialının yüksəlməsinə xidmət edir.

Əbülfəs Qarayev turizm sərgilərində İranın fəal iştirakını yüksək qiymətləndirdiyini qonağın nəzərinə çatdırıb. Görüşdə mədəniyyət və turizm sahəsində əməkdaşlığın perspektivləri istiqamətində fikir mübadiləsi aparılıb.

 

Lalə

 

Mədəniyyət.- 2016.- 27 aprel.- S. 5.