Bakı Forumu multikulturalizmin təşviqi baxımından mühüm tədbir oldu

 

Azərbaycan Respublikası Mədəniyyət və TurizmXarici İşlər nazirlikləri aprelin 27-də BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ilə bağlı birgə mətbuat açıqlaması yayıb.

 

Açıqlamada qeyd olunur ki, Sivilizasiyalar Alyansının mədəniyyətlər və dinlərarası dialoq, sivilizasiyalar arasında hörmət və qarşılıqlı anlaşmanın təşviq edilməsi kimi ali məqsəd və məramlarına uyğun olaraq, VII Bakı Qlobal Forumunun keçirilməsində məqsəd BMT-nin sülh və təhlükəsizlik, insan hüquqları və inkişafa dair təməl prinsipləri əsasında inkluziv cəmiyyətlərdə birgəyaşayış modellərinin müzakirəsi və həll yollarının müəyyən edilməsi idi.

Forumda dünyanın 147 ölkəsindən nümayəndələr, dövlət və hökumət başçıları, xarici işlər nazirləri və digər yüksək səviyyəli hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbər heyətləri, dini liderlər, müxtəlif sahələr üzrə ekspertlər, qeyri-hökumət və vətəndaş cəmiyyəti, biznes dairələri və kütləvi informasiya vasitələrinin nümayəndələri təmsil olundu. Tədbir geniş şəkildə 117 nəfər xariciyerli media tərəfindən işıqlandırıldı.

İnkluziv cəmiyyətlərin qurulması və inkişaf etdirilməsində gənclərin xüsusi rolunu nəzərə alaraq, BMT Sivilizasiyalar Alyansı tərəfindən aparılan beynəlxalq müsabiqə nəticəsində 6000 gənc arasından seçilmiş dünyanın müxtəlif ölkələrini təmsil edən 150 gəncin iştirakı ilə 25 apreldə BMT-nin Sivilizasiyalar Alyansının gənclər forumu keçirildi.

Qlobal Forumun rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyev, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Naser, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İspaniyanın xarici işlər naziri Joze Manuel Qarsiya-Marqallo çıxış etdi. BMT-nin Baş katibi Ban Ki Moon forum iştirakçılarına video müraciət edərək tədbirin işinə uğurlar arzuladı və ev sahibi olaraq Azərbaycana təşəkkürünü ifadə etdi.

Forumun gündəliyinə inklüziv cəmiyyətlərdə birgəyaşayışa mane olan və cəmiyyətlərin əsasını sarsıdan aktual problemlər və məsələlər daxil idi. Forum öz işini zorakı ekstremizmin qarşısının alınması üçün platforma və tərəfdaşlıqlar, sosial inklüzivlik baxımdan nümunəvi təcrübələr kimi əsas panellər və sülhterrorizm, miqrasiya, gənclərin inklüziv cəmiyyətlərdə iştirakı, qlobal mədəniyyətlərarası dialoq və “Bakı prosesi”, zorakı ekstremizmin təbliğinə qarşı medianın maarifləndirilməsi, münaqişəli zonalarda qadınlar və sülh quruculuğu, dini liderlər və zorakı ekstremizm, vətəndaş cəmiyyəti və biznes, kiber ekstremizm və digər alt-sessiyalar üzrə davam etdirdi.

Sosial inklüzivlikdə nümunəvi təcrübələr adlı paneldə çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tolerantlıq və multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu vurğulayaraq Ermənistanın ölkəmizə qarşı təcavüzünün ağır humanitar nəticələri, dövlət, vətəndaş cəmiyyəti və özəl sektorun əməkdaşlığı modeli əsasında Heydər Əliyev Fondunun ölkədə və xaricdə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verdi.

Forumun yekun sessiyasında BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etdilər.

Forumun yüksək səviyyəli nazirlər iclasının “Bakı bəyannaməsi” qəbul edildi. Bəyannamədə Qlobal Foruma ev sahibliyi etməsi, müasir dövrdə cəmiyyətlərdə artan müxtəlifliyin fonunda inklüziv birgəyaşayışa qarşı çoxalan təhdidlərin qarşısının alınması və fərqli baxışların bir araya gətirilməsi, “Bakı prosesi” və 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ilielan edilməsi baxımdan Azərbaycanın rolu təqdir edildi. Forumun mövzusunun BMT-nin bütün Davamlı İnkişaf Məqsədlərinə, o cümlədən Sivilizasiyalar Alyansının gənclər, təhsil, mediamiqrasiya kimi təməl fəaliyyət istiqamətlərinə əsaslı töhfəsi qeyd olunaraq, tədbirin keçirilməsinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür ifadə olundu.

Bəyanatda qeyd olunduğu kimi, VII Bakı Qlobal Forumu inklüziv cəmiyyətlərdə birgəyaşayış üzrə qabaqcıl təcrübələrin mübadiləsi baxımdan qarşısına qoyduğu məqsədlərə nail oldu.

Qlobal Foruma ev sahibliyi edərək, Azərbaycan Respublikası xarici siyasətinin əsas istiqamətlərindən birinin beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun, mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və hörmətin təşviqi, bu sahədə malik olduğu çoxəsrlik təcrübəni paylaşmaq, beynəlxalq ictimaiyyətin sözügedən məsələdə səylərini hərtərəfli dəstəkləməkdən ibarət olduğunu bir daha təsbit etdi.

Azərbaycan Respublikası bu istiqamətdə davamlı siyasətini, beynəlxalq təşkilatlar, digər dövlətlər və tərəfdaşlarla mədəniyyətlər və dinlərarası dialoqun təşviqi sahəsində əməkdaşlığını daha da əzmlə davam etdirəcəkdir. “Bakı prosesi” çərçivəsində 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun nəticələrini müzakirə etmək üçün platforma olacaqdır.

 

Mədəniyyət.- 2016.- 29 aprel.- S. 6.