Şəkidə Bəxtiyar Vahabzadənin xatirəsi anılıb

 

 

Xalq şairi Bəxtiyar Vahabzadənin (1925-2009) anadan olmasının 91-ci ildönümü onun doğulduğu Şəki şəhərində anılıb.

İctimaiyyət nümayəndələri avqustun 16-da şairin şəhərin mərkəzindəki parkda qoyulmuş büstü önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra xatirə tədbirinin iştirakçıları İ.S.Nakam adına Mərkəzi kitabxanada “Poeziyamızın Bəxtiyarı” adlı kitab sərgisi ilə tanış olublar.

Bildirilib ki, öz dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmiş Bəxtiyar Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib. Daim xalqının düşüncə və arzuları, hiss və duyğuları, istək və maraqları ilə yaşayan Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığı poeziyamızın, şeirimizin cövhəri olub.

 

Mədəniyyət.- 2016.- 17 avqust.- S.2.