“Yaşıl incəsənət” sərgi-müsabiqəsi

 

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) dəstəyi ilə “Yaşıl incəsənət” rəsm sərgi-müsabiqəsinə start verilib. Layihə “ASAN Schoolkönüllülük proqramının “Yaşıl ASAN” təşəbbüsü və “ASAN Könüllüləri” gənclər təşkilatının birgə təşkilatçılığı ilə reallaşır.

ADRA-dan bildiriblər ki, müsabiqəyə A3 və A4 formatında mənzərə və natürmort janrlarında, müxtəlif rəngkarlıq və qrafika texnikalarında işlənmiş rəsm işləri təqdim edilə bilər.

Müsabiqədə iştirak etmək istəyənlər oktyabrın 5-dək rəsm işlərinin fotoşəkilini və özləri haqqında qısa məlumatı adramuseum@gmail.com ünvanına göndərə bilərlər.

Müsabiqənin münsiflər heyəti tərəfindən seçilmiş üç ən yaxşı rəsm əsərinin müəllifləri mükafatlandırılacaq.

Sərgilənən rəsm əsərlərinin Azərbaycan Rəssamlıq Akademiyasının qalereyasında və online formada xeyriyyə məqsədilə satışı həyata keçiriləcək.

 

Mədəniyyət.- 2016.- 17 avqust.- S.4.