Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin növbəti uğuru

 

 

Xəbər verdiyimiz kimi, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri iyulun 17-dən 31-dək Belçikanın paytaxtı Brüsseldə keçirilən 18-ci "Musica Mundi" beynəlxalq musiqi festivalında iştirak ediblər.

Şagirdlər festivalda Azərbaycan ifaçılıq məktəbini layiqli şəkildə təmsil ediblər. Violonçel ifaçısı Orxan Hüseynov, skripkaçı Zərrin Əliyeva, fortepiano ifaçısı Nərgiz Əliyeva və alt ixtisası üzrə Elnarə Tağızadə seçim turundan keçərək, konsertlərdə yüksək səviyyədə çıxış edib, həmçinin yekun qala konsertdə iştirak üçün vəsiqə qazanıblar. Şagirdlərimiz münsiflər heyətinin və dinləyicilərin rəğbətini qazanaraq vətənə fəxri fərmanlarla qayıdıblar.

Qeyd edək ki, festivala dəvət almış İvri Qitlis, Maksim Vengerov, Menahem Pressler, Leonid Kerbel kimi peşəkar müəllimlər burada ustad dərsləri keçərək uşaqlara böyük ifaçılıq nümunələri də nümayiş ediblər.

 

Mədəniyyət.- 2016.- 17 avqust.- S.10.