Caz - bir xoşahəngli Azərbaycan məhsulu

 

 

Fransa jurnalında Azərbaycan cazı haqqında məqalə dərc olunub

 

Fransanın ixtisaslaşmış “Couleurs Jazz” jurnalında Avropa Azərbaycan Cəmiyyətinin “TEAS Magazine” dərgisinin baş redaktoru Neyl Uatsonun Azərbaycan caz musiqinin tarixi, inkişafı, ölkəmizin görkəmli cazmenlərinə həsr edilən məqaləsi dərc olunub.

 

Avropa Azərbaycan Cəmiyyətindən bildirilib ki, məqalədə Azərbaycan cazının tarixi barədə oxuculara geniş məlumat verilib.

Məqalədə bildirilir ki, bu tarix 90 il əvvələ, demək olar ki, lentə alınan cazın ilk günlərinə gedib çıxır. Bu ölkədə ilk qrup “Şərq” caz qrupu olub. Sovet İttifaqında musiqi qastrollarında olmuş bu qrupda tenor Hüseynqulu Sarabski (müasir caz pianoçusu İsfar Sarabskinin ulu babası) vokal ifa edirdi.

SSRİ zamanında caza münasibət ölkədə üstün olan siyasi ab-havadan asılı olaraq dəyişirdi. Aydındır ki, bu musiqi ABŞ-da inkişaf edirdi, lakin bu, Amerika cəmiyyətində yoxsul və məzlumların məhsulu idi. Elə buna görə də bəzən caz musiqiçilərinə öz musiqilərini açıq şəkildə ifa etmək çətin olurdu. Buna baxmayaraq, NiyaziTofiq Quliyev kimi Azərbaycan musiqiçi və bəstəkarları cazdan alınan akkord sıralarını simfonik musiqi ilə birləşdirə bilirdilər. 1953-cü ildə Stalinin vəfatından sonra caza münasibət dəyişdi və 60-cı illərdə caz pərəstişkarı olan Leonid Brejnev hakimiyyətə gəldikdən sonra bu sənət növünə olan yanaşma daha da mülayimləşdi.

Məqalədə vurğulanır ki, Azərbaycanın milli musiqisi muğamdır. Onun ahəngdar strukturu, ölçüsü, meyarları və alətləri Qərb musiqisindən tamamilə fərqli olsa da, burada caz musiqisi ilə bəzi oxşarlıqlar var. Belə ki, hər parçanın əvvəli və sonunda spesifik keçidlər var və onların arasında akkordmelodiyalar ətrafında improvizasiya üçün imkan yaranır. Bu yüksək səviyyəli improvizasiya və şəxsi interpretasiya Bakının caz musiqisini qəbul etməsinə şərait yaratdı. 50-ci illərdə SSRİ-ninsosialist ölkələrinin caz musiqiçiləri artıq Sovet İttifaqının caz paytaxtı kimi tanınan Bakıya axın edirdilər. Burada Pərviz Rüstəmbəyov (Sovetin Benni Qudmanı) kimi bir musiqiçi öz sənətini inkişaf etdirə bildi.

50-60-cı illərdə ABŞ-da Mayls Devis, Bill Evans və Əhməd Camal kimi parlaq musiqiçilər tərəfindən postbop modal caz musiqisinin yaradılması Azərbaycanda azərbaycansayağı musiqi inqilabına yol açdı. Rafiq BabayevVaqif Mustafazadə kimi klassik musiqi təhsili almış pianoçu və bəstəkarlar başlanğıc nöqtə olaraq Azərbaycan muğamını götürərək onu modal caz musiqisi ilə sintez edib, hazırda caz-muğam kimi tanınan etnojazz musiqi formasını yaradıblar.

Müəllif Vaqif Mustafazadənin yaradıcılığından bəhs edərək yazır ki, onun standart caz triosu, yəni piano, bas gitara və zərb alətləri formatında ifa edilən əsərləri xüsusi rəğbət qazanıb və burada onun pianoda zəngin bəzədilmiş yanaşmasının rolu da az olmayıb. Onu çox vaxt “Azərbaycan cazının atası” adlandırırlar. Truba ifaçısı Dizzi Gillespi demişdi ki, Vaqif Mustafazadə gələcəyin musiqisini yaradıb və blüz gitaraçı BB Kinq qeyd etmişdi: “İnsanlar mənə Blüz Kralı (King) deyir, lakin mən sənin kimi piano çala bilsəydim özümü Allah adlandırardım.”

Vaqif Mustafazadənin 39 yaşında qəflətən vəfat etməsinə baxmayaraq, onun təsirini dəyərləndirməmək olmaz. Bu gün Azərbaycanda demək olar ki, bütün caz musiqiçiləri onun irsinə çox borcludurlar - 2009-cu ildə Montrö Caz Festivalında solo caz piano mükafatını qazanmış gənc İsfar Sarabski öz çıxışlarında onunMart” əsərini müntəzəm olaraq ifa edir.

Emil Əfrasiyab Vaqifin piano konsertini öz interpretasiyasında ifa edibonun qızı Əzizə Mustafazadə öz kompozisiyalarına mistik yanaşma tətbiq edərək caz-muğam ideyasını bir qədər də irəli aparmışdı və çox vaxt ifalarını xanəndəsayağı oxumaqla tamamlayırdı.

Şahin Növrəsli çox vaxt öz qardaşları ilə birlikdə milli alətlərdə - tarkamançada caz, muğam ifa edərək asanlıqla Qərb və Şərqə çıxış yaradır.

Başqa bir piano ifaçısı Əminə Fiqarova bir qədər fərqli mühitdən yararlanır, bu, “freeformcaz musiqisidir. O, karyerasını NiderlandABŞ-da qurub. Bu yaxınlarda folklor mühitindən gələn musiqiçi Elçin Şirinov Azərbaycan xalqklassik musiqisində və bu mövzular ətrafında improvizasiya edib, eyni zamanda onun kompozisiyalarında hələ də muğam mikrotonları və Şərq harmoniyası da vardır.

Məqalədə Bakıda ilk caz festivalının 1969-cu ildə keçirildiyi və hazırda hər il təşkil olunan Bakı Beynəlxalq Caz Festivalında Azərbaycan və postsovet məkanının ən parlaq istedadları ilə yanaşı Billy Kobham, mərhum Co Zavinul, Çarlz LloydStenli Klark kimi dünyanın ən məşhur istedadlarının bir araya gəldiyi qeyd edilir. Təbii ki, bu cür əməkdaşlıq Azərbaycan caz musiqisinə öz təsirini göstərmişdi. Məsələn, İsfar SarabskiElçin Şirinovun ifaları təkrarlanan fank parçaları ilə zəngindir, Salman Qəmbərovun ifası isə tam olaraq caz-rok qarışığı kateqoriyasına aiddir. Tenor saksafon ifaçısı Rain Sultanovun yanaşması fərqlidir, o, Maykl Brekkerin fyujn musiqisini klassik, muğamdünya musiqi alətləri və ahəngləri ilə birləşdirir. Məqalə bu sözlərlə bitir: “Bakının mərkəzində yerləşən caz klububir çox yüksək səviyyəli musiqiçiləri ilə Azərbaycanda caz musiqisi yaşayır və çiçəklənir”.

 

Mədəniyyət.- 2016.- 24 avqust.- S.15.