Sabirabadda qarpız festivalı

 

 

Qarpız üzərində bədii oyma sənəti, qarpızdan hazırlanmış təamlar, başla qarpız sındırma yarışı

 

Avqustun 19-da Sabirabaddakı Heydər Əliyev adına istirahət parkında Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin, rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə qarpız festivalı keçirilib.

Bakıdan və ətraf rayonlardan gələn qonaqların və yüzlərlə sabirabadlının iştirak etdiyi festivalda qarpız üzərində bədii oyma sənəti nümunələri, qarpızdan hazırlanmış 20 növ təam (qarpız mürəbbəsi, qarpız kompotu, qarpız turşusu, qarpız şərbəti, qarpızdan hazırlanan tort, qarpız kababı, qurudulmuş qarpız tumlarından dəmlənmiş çays.) nümayiş etdirilib.

Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” adlı əsəri əsasında hazırlanmış səhnəcik, pəhləvanların başla qarpız sındırma rekordu (Həşimxanlı kənd klubunun pəhləvanları), qarpız tortunun kəsilməsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Daha sonra respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.

Axşam saatlarınadək davam edən qarpız festivalı iştirakçılara əyləncəli anlar, xoş təəssürat və müsbət emosiyalar bəxş edib.

 

Mədəniyyət.- 2016.- 24 avqust.- S.16.