Qubada məktəblilərin yay düşərgəsi təşkil olunub

 

 

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin və “EkoSferaEkoloji-Sosial Mərkəzinin birgə təşkilatçılığı ilə Quba rayonunda keçirilən ekoloji yay düşərgəsində 40-a yaxın məktəbli iştirak edib.

On gün davam edən düşərgənin təşkili istirahət və tematik yönümlü xüsusi proqramlar üzrə orta məktəb şagirdlərinin mənalı, sağlam istirahətini təmin etmək məqsədi daşıyıb.

Düşərgədə məktəblilər üçün idman turizm əsaslarının inkişafına xüsusi önəm verilib, meşədə həyat fəaliyyətinin təhlükəsizliyi, yoqa meditasiyasının əsasları üzrə təlim məşğələlərində uşaqlara yeni bilik və bacarıqlar aşılanıb.

Təklif olunan marşrutlar üzrə QubaNabran meşələrinə 3-15 kilometr məsafəni piyada yürüş edən düşərgə iştirakçıları verilən tapşırıqları həvəslə yerinə yetiriblər.

Quba rayonu ərazisində BDU-nun Təlim-təcrübə və istirahət mərkəzində təşkil edilən düşərgədə məktəblilərə səmti müəyyənetmə üzrə təlimlər də keçilib.

 

Mədəniyyət.- 2016.- 26 avqust.- S.9.