Şəhriyarın “Heydərbabaya salam" poemasının rus dilində nəşri təqdim olundu

 

 

Avqustun 30-da Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasının rus dilində nəşrinin təqdimatı keçirildi. Poema Amerika Birləşmiş Ştatlarında rus dilinə tərcümə olunaraq çap edilib.

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bruklin-Bakı Dostluq Assosiasiyası, "My way" yaradıcılıq mərkəzi və ABŞ-da rus dilində nəşr olunan "Novıy rubej" qəzetinin təşkilatçılığı ilə keçirilən tədbir Məhəmmədhüseyn Şəhriyarın (1906-1988) 110 illiyinə həsr olunmuşdu.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-dramaturq İlqar Fəhmi çıxış edərək Şəhriyarın ölməz əsərinin rus dilində nəşrini yüksək qiymətləndirdi. Qeyd etdi ki, dünyada yaşayan bütün azərbaycanlılar üçün birlik məşəlinə çevrilən Şəhriyar yaradıcılığı hər zaman soydaşlarımızı həmrəyliyə səsləyib. Ədibin yaradıcılığının dünya dillərinə tərcümə olunmasının vacibliyini qeyd edən natiq kitabın ərsəyə gəlməsində xidmətləri olan hər kəsə təşəkkürünü bildirdi.

Mərasimdə çıxış edən kitabın tərtibçisi, "Novıy rubej" qəzetinin baş redaktoru Nobert Yevdayev vurğuladı ki, Azərbaycanı hər zaman özlərinin doğma vətəni hesab ediblər: “Elə ona görə də hər zaman Azərbaycan həqiqətlərinin ABŞ-da yaşayan insanlara çatdırılmasını başlıca məqsədimiz bilmişik. ABŞ-dakı həmyerlilərimiz hər zaman Azərbaycan mədəniyyətini, tarixini, adət-ənənəsini, musiqisini geniş şəkildə təbliğ edirlər”.

Tədbir konsert proqramı ilə davam etdi. Xalq artistləri Samir Cəfərov "Yalan dünya" (Nyu-Yorkda yaşayan bəstəkar Ruslan Ağababayevin "Heydərbabaya salam" poeması əsasında yazdığı eyniadlı kantatadan parça), Mələkxanım Əyyubova "Qaragilə", əməkdar artistlər Anar Şuşalı "Sənsiz", Babək Niftəliyev "Yar bizə qonaq gələcək", Sevda Ələkbərzadə "Sarı gəlin" mahnılarını ifa etdilər. Həmçinin Məhəmmədhüseyn Şəhriyarın şeirləri səsləndirildi.

Qeyd edək ki, kitab ABŞ-da yaşayan həmyerlilərimiz tərəfindən nəşr olunub. Əsəri rus dilinə "Novıy rubej" qəzetinin baş redaktoru Nobert Yevdayev tərcümə edib.

Nəşrin tərtibatında Əməkdar rəssam İsmayıl Məmmədovun illüstrasiyalarından istifadə olunub.

 

Fariz Hüseynov

Mədəniyyət.- 2016.- 31 avqust.- S.2.