ŞahdağTurizm Mərkəzinə üç ayda 25 mindən çox turist gəlib

 

 

Qusar rayonu ərazisində yerləşən və Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olanŞahdağTurizm Mərkəzi bu yay mövsümündə rekord sayda turist qəbul edib. Əyləncə-istirahət kompleksləri arasında özünəməxsus xidmətləri ilə seçilən mərkəzə iyun ayından bəri 25 mindən çox turist gəlib.

 

Buranı adətən, MDB ölkələri və Avropadan olan turistlər daha çox ziyarət edir. Bu yay mövsümündə isə ərəb ölkələrindən turistlərin də sayı artıb.

Turizm mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Mustafayevanın bildirdiyinə görə, 20-dək müxtəlif əyləncə və idman oyunu adrenalin dolu istirahət həvəskarlarının marağına səbəb olur. Qonaqlara macəralar parkı, kvadrosikllər, bob kart, seqvey, trotinetlər, dağ velosipedi, peyntbol, atla gəzinti və sair xidmətlər təklif olunur. Bu idman və əyləncə növlərindən istifadə etmək üçün təcrübəli təlimatçılar turistləri təlimatlandırırlar. İyun ayında turizm mərkəzində keçirilən “Velosipedçilər günü” dağlıq ərazidə velosiped sürməyi sevənlərin ürəyincə olub.

Turistlərin ən çox sevdiyi əyləncə növlərindən sayılan paraplanla uçuşların gələn yay mövsümündən başlayaraq həyata keçirilməsi nəzərdə tutulub. Hazırda mərkəzə dəvət olunan mütəxəssislər paraplanla uçuşları reallaşdırmaq üçün müvafiq məşqlər keçirlər.

Onu da qeyd edək ki, “Şahdağ” artıq xarici ölkələrdə də özündən söz etdirməyi bacarıb. Rusiyanın tanınmış “Forbes.ru” saytının tərtib etdiyi dağ-xizək kurortlarının onluğundaŞahdağilk üçlükdə yer alıb.

Xarici turizm şirkətləri ilə işgüzar əlaqələr də qurulur. “ŞahdağTurizm Mərkəzi aprel ayında Qazaxıstanın Almatı şəhərində (“KİTF 2016”) və BƏƏ-nin Dubay Əmirliyində (“ATM 2016”) beynəlxalq turizm sərgilərində təmsil olunub.

Hazırda turizm mərkəzində 6 hotel (“Shahdag Hotel & Spa”, “Pik Palace”, “Park Chalet”, “Zirvə”, “Qaya Residences” və “Gənclər mehmanxanası”) fəaliyyət göstərir. “Şahdağda yay turizm mövsümünə sentyabr ayında yekun vurulacaq.

 

Mədəniyyət.- 2016.- 31 avqust.- S.8.