“İzzəddin Həsənoğlunun ədəbi irsi

 

 

Mütəfəkkir şairə həsr olunan ilk monoqrafiya işıq üzü görüb

 

Azərbaycan dilində dövrümüzə gəlib çatan ilk lirik əsərlərdən söz açılanda hər kəsdən öncə XIII yüzillikdə yaşayıb-yaratmış, qaynaqlarda məşhur sufi şair və mütəfəkkir şəxsiyyət kimi adı ehtiramla çəkilən Şeyx İzzəddin Həsənoğlu yada düşür.

Müəllifin üçü Azərbaycan dilində, biri farsca olmaqla dörd qəzəli elm aləminə məlumdur. Anadilli poeziyamızda məxsusi yeri olan ədib haqqında orta əsrlərdən üzü bəri müxtəlif təzkirələrdə, ayrı-ayrı tədqiqatlarda müəyyən bilgilər verilsə də, onun ömür yoluna və yaradıcılığına həsr olunan xüsusi tədqiqat əsəri yazılmayıb.

Bugünlərdə Naxçıvan Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru Hüseyn Həşimlinin “İzzəddin Həsənoğlunun ədəbi irsi” adlı monoqrafiyası çapdan çıxıb. Elmi əsərə filologiya üzrə elmlər doktoru, professor Əsgər Qədimov rəy verib.

Tədqiqatda İzzəddin Həsənoğlunun yaradıcılığı dövrümüzə gəlib çatmış nümunələr əsasında nəzərdən keçirilir. Kitabda ədibin dünyagörüşü, əsərlərinin qaynaqları, ideya-bədii xüsusiyyətləri, ədəbiyyat tariximizdə yeri və ədəbi təsir dairəsi araşdırılır. Şairin qəzəllərinə yazılan nəzirələr də müqayisəli təhlil olunur.

Qeyd edək ki, Hüseyn Həşimli iyirmi ildən artıq ali məktəbdə Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər) fənni daxilində İzzəddin Həsənoğlunun da yaradıcılığını tədris edib. Azərbaycanda, Türkiyədə və digər ölkələrdə nəşr olunmuş müxtəlif mənbələrdən şair haqqındakı materialları toplayaraq sistemləşdirib. Eyni zamanda alimin Həsənoğluya həsr olunan bir neçə elmi məqaləsi ölkəmizdə və xaricdə işıq üzü görüb.

Kitabdan orta əsrlər Azərbaycan ədəbiyyatını öyrənənlər, tədris və tədqiq edənlər faydalana bilərlər.

 

F.Yunisli

Mədəniyyət.- 2016.- 31 avqust.- S.15.