Şəkidə TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirildi

 

 

   “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin bu il Azərbaycanın qədim mədəniyyət mərkəzi Şəkiyə həsr olunması qürurvericidir”

  

   Dekabrın 1-də Şəki şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirildi. “Türk dünyasının mədəniyyət paytaxtı 2016” missiyasını başa vuran qədim şəhər qardaş ölkələrdən nümayəndə heyətlərini qəbul etdi.

   Tədbir iştirakçıları əvvəlcə Şəki Şəhər İcra Hakimiyyətinin binası qarşısında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül dəstələri düzdülər, dahi siyasətçinin xatirəsi ehtiramla yad olundu.

   Marxal” müalicə-istirahət kompleksində keçirilən toplantıda qonaqlar AMEA Tarix İnstitutunun Azərbaycanın və türk dünyasının tarixinə dair nəşrlərindən ibarət sərgiyə baxdılar.

  

   TÜRKSOY-un layihələri qardaş xalqların birliyinə töhfədir

  

   Toplantıda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətindən söz açdı, təşkilatın təşəbbüsü ilə ölkəmizdə gerçəkləşən tədbirlərin ümumi mədəni irsimizin, incəsənətimizin qorunması, öyrənilməsi, türk xalqlarının yaxınlaşması, mədəni əməkdaşlığın inkişafında mühüm rol oynadığını diqqətə çatdırdı: “TÜRKSOY həm türk xalqları arasında, həm də beynəlxalq arenada türkdilli xalqların mədəniyyətlərinin təbliği istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. Sevindirici haldır ki, TÜRKSOY artıq mötəbər beynəlxalq tədbirlərdə ən yüksək səviyyədə təmsil olunuronun beynəlxalq təşkilat kimi fəaliyyəti dünyanın nüfuzlu qurumları tərəfindən alqışlanır”.

   Əbülfəs Qarayev bildirdi ki, 2016-cı ildə TÜRKSOY-unTürk dünyasının mədəniyyət paytaxtı” layihəsinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəkiyə həsr olunması bizim üçün olduqca qürurvericidir: “Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan şəhərlərimizdən biridir. Azərbaycan memarlığının ən gözəl nümunələrinin bir hissəsi də bu şəhərdə yerləşir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb, müasir istirahət mərkəzləri, yeni hotellər istifadəyə verilib. Füsunkar təbiəti, zəngin tarixi-mədəni irsin qorunması nəticəsində Şəki Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib”.

   Vurğulandı ki, 2010-cu ildən Şəkidə Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin və şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı təşkil olunur, 2014-cü ildə Şəkidə Beynəlxalq Teatr Festivalının da ənənəsi qoyulub, bu ilin sentyabrında ikinci festival təşkil edildi. Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində 2006-cı ildən başlayaraq ümummilli liderin xatirəsinə həsr olunmuş Atüstü Milli Oyunlar Festivalı və “Prezident kubokuuğrunda çövkən yarışları keçirilir.

   Nazir qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkdilli ölkələrdə iştirak etdiyi bütün tədbirlərdə TÜRKSOY-u xalqlarımızın mədəniyyətinin təbliğində ən vacib qurum kimi qiymətləndirib: “TÜRKSOY son dövrlərdə mədəni irs nümunələrimizin geniş məkanda təbliği üçün çox mühüm layihələr reallaşdırır. Türkdilli ölkələrin teatr xadimlərinin, rəssamlarının görüşləri təşkil olunur. BMT, UNESCO, Avropa Şurası və digər beynəlxalq qurumların qərargahlarında Novruz bayramının birgə qeyd edilməsi, teatrfilm nümayişləri, türk dünyasının dahi şəxsiyyətlərinin yubiley illərinin, xüsusi medal və mükafatların təsis edilməsi və digər uğurlu layihələr həyata keçirilir”.

   Əbülfəs Qarayev Azərbaycanın təşəbbüsü ilə Türkiyə, İran, Qırğızıstan və Qazaxıstanın lavaşla bağlı birgə sənəd hazırlayaraq UNESCO-ya təqdim etdiyini və noyabrın 30-da UNESCO Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtında keçirilən 11-ci sessiyasında "Lavaş, katırma, jupka, yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti"nin qurumun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini də diqqətə çatdırdı.

   TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxışında Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsinin heç də təsadüfi olmadığını vurğuladı. Qeyd etdi ki, Şəki qədim mədəniyyəti, adət-ənənəsi, mətbəxi, tarixi irsi ilə buna sahib olub. Baş katib “paytaxtı ili” çərçivəsində Şəkidə çoxsaylı tədbirlərin keçirilməsini yüksək qiymətləndirdi.

   * * *

   Sonra TÜRKSOY-un fəaliyyəti ilə bağlı videoçarx nümayiş olundu.

   Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Ramil Həsənov çıxış edərək qurumun fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, Türk Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış “Naxçıvan sazişi”nə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

   Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan UsubovTürk dünyasının mədəniyyət paytaxtı” ili ərzində həyata keçirilən mədəni-kütləvi tədbirlər barədə hesabatla çıxış etdi. TÜRKSOY-la əməkdaşlıq əlaqələrindən danışan E.Usubov 2012-ci ildə qurum tərəfindən Şəki şəhərinin “Türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı” seçildiyini, 2012-ci ilin “Mirzə Fətəli Axundzadə ilielan edildiyini, 2014-cü ildə qurumun təşkilatçılığı ilə Şəkidə rəssamların sərgisinin və türkdilli ölkələrin milli geyimlərinin nümayişinin təşkil olunduğunu diqqətə çatdırdı.

   Daha sonra TÜRKSOY-a üzv ölkələrin nümayəndələri çıxış edərək mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün göstərilən səylərin artırılmasının vacibliyini qeyd etdilər.

  

   Toplantı çərçivəsində işçi sessiya

  

   TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı çərçivəsində təşkilatın 2016-cı il üzrə fəaliyyətinə həsr olunmuş işçi sessiya keçirildi.

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sessiyanın gündəliyi barədə məlumat verdi. Bildirdi ki, gündəliyə TÜRKSOY-un fəaliyyəti ilə bağlı hesabatın dinlənilməsi, həmçinin 2017-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı"nın seçilməsi, gələn il üçün fəaliyyət planı və s. məsələlər daxildir.

   TÜRKSOY-un baş katibi Düsen Kaseinov qurumun 2016-cı il üzrə fəaliyyəti barədə hesabatla çıxış etdi. TÜRKSOY-un il ərzində keçirdiyi çoxsaylı tədbirlər haqqında geniş məlumat diqqətə çatdırıldı.

   Sonra gündəlikdə olan digər məsələlərə həsr olunan hesabatlar dinlənildi, müzakirələr aparıldı.

  

   Şəki estafeti Qazaxıstanın Türkistan şəhərinə verir

  

   İşçi sessiyadan sonra TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısına yekun vuruldu. Toplantı çərçivəsində qəbul olunan qərarlar və yekun bəyannamə imzalandı. TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının koordinatorluğu Azərbaycandan Qazaxıstana keçdi.

   Həmçinin 2017-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" Qazaxıstanın Türkistan şəhərinin seçildiyi elan olundu. Beləliklə, Şəki şəhərindən “paytaxtestafetini türk dünyasının digər qədim şəhəri, Xoca Əhməd Yasəvinin vətəni Türkistan qəbul edəcək.

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsinin rəmzlərini Qazaxıstan nümayəndəsinə təqdim etdi.

   Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.

   Bununla da TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı işini başa çatdırdı.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.-2016.- 2 dekabr.- S.3.