Mədəniyyət və turizm naziri ölkə rəhbərliyinə təşəkkür edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ona göstərdiyi etimada və fəaliyyətinə verdiyi qiymətə görə öz dərin minnətdarlığını bildirib.

Prezident İlham Əliyev noyabrın 11-də Azərbaycan mədəniyyətinin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Şöhrət ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Nazir noyabrın 30-da Bərdədə vətəndaşlarla görüşdən sonra mətbuata müsahibəsi zamanı jurnalistlərin bu barədə sualını cavablandırarkən deyib: Cənab Prezidentə məni yüksək dövlət mükafatı olan Şöhrət" ordeni ilə təltif etdiyinə görə öz dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu təkcə mənim fəaliyyətimə verilən qiymət deyil. Bu, Azərbaycanın bütün mədəniyyət işçilərinə, bu sahədə görülən işlərə verilən qiymətin, dövlətimizin başçısının diqqət və qayğısının göstəricisidir. Möhtərəm Prezidentin rəhbərliyi ilə Azərbaycan Respublikası, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də mühüm nailiyyətlər əldə etmiş, mədəni irsimizin inkişaf etdirilməsi və dünyada təbliği istiqamətində böyük işlər görülmüşdür. Bundan sonra da üzərimizə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməliyik. Yüksək dövlət təltifinə görə cənab Prezidentə bir daha təşəkkürümü bildirərək qeyd etmək istəyirəm ki, gələcək fəaliyyətimdə hər zaman bu etimad və diqqətə layiq olmağa çalışacağam.

Nazir, həmçinin, fürsətdən istifadə edərək 60 illik yubileyi ilə əlaqədar və "Şöhrət" ordeni ilə təltif olunmağı münasibətilə ünvanına göndərilən təbriklərə görə hər kəsə minnətdarlığını bildirib.

 

Mədəniyyət.-2016.- 2 dekabr.- S.4.