Via dolorosa - kədər yolunda musiqi ilə cığır açarkən...

 

 

 

   Noyabrın 30-da “Zamanla üz-üzə” IV müasir musiqi layihəsinin payız konsertlərinə start verildi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə 2007/2008 konsert mövsümündə təməli qoyulmuş layihə Azərbaycan musiqisevərlərini onların alışmadığı, çox zaman da adını eşidib əsərlərini dinləmədiyi bəstəkarların yaradıcılığı ilə tanış etmək məqsədi daşıyır.

   2010/2011 və 2013/2014 konsert mövsümlərində də gerçəkləşən layihə bu ilin mart-aprel aylarında yenidən davam etdirilir. Xatırladaq ki, layihənin bədii rəhbəri Azərbaycanın Əməkdar incəsənət xadimi, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev, baş dirijoru isə Xalq artisti, professor Rauf Abdullayevdir.

   Payız konsertlərinin birincisinə “Via dolorosa” adı verilib ki, bu ifadənin yaranmasının qəribə tarixçəsi var. Üstəlik, müəyyən paralellər aparmaqla konsert proqramına niyə belə bir adın verildiyini anlamaq mümkündür.

   Via dolorosa” qədim Qüdsdə İsa peyğəmbər çarmıxa çəkilməyə aparılarkən onun keçdiyi küçənin adı olub, tərcüməsi “qüssə yolu” deməkdir. Lakin səmavi dinlər tarixinə yaxşı bələd olanlar israr edirlər ki, bu gün də Qüdsə gələn zəvvarların 14 dayanacaqda nəfəs dərib ibadət etdiyi Via dolorosanın İsa peyğəmbər dövründəki şəhərin dar, dolanbac küçəsinə heç bir aidiyyəti yoxdur, bu admarşrut sadəcə, peyğəmbərə ehtiramın ifadəsinə və zəvvarların kövrək qəlbini titrətməyə xidmət edir.

   Beynəlxalq Muğam Mərkəzində baş tutan konsertin mövzusu belə müəyyən edilmişdi: “Postsovet coğrafiyasında çağdaş musiqi”. Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solistlər ansamblı, dirijor Vladimir Runçak (Ukrayna) və vokalçı Fəridə Məmmədova iştirak edirdi.

   Proqrama Vladimir Runçak, Rezo Kiknadze (Gürcüstan), Helena Tulve (Estoniya), Əzizə Sadıkova (Özbəkistan), Azərbaycan bəstəkarları Ayaz Qəmbərli və Firudin Allahverdinin əsərləri daxil edilmişdi.

   Salona daxil olanlar artıq yerləri tutarkən anlamışdılar ki, bu konsert ən azından səsləniş texnikasına görə digərlərindən fərqlənəcək. Çünki salonda oturacaqların boyunca təkəm-seyrək qoyulmuş püpitrlər (not qoymaq üçün dayaq, altlıq) belə düşünməyə əsas verirdi. Ukraynalı bəstəkar-dirijor Vladimir Runçakın idarəçiliyi ilə solistlər ansamblı onun «Via dolorosa. Kvadromusiqi ¹1» əsərini ifa etməyə başlayanda musiqisevərlərin bu zəndi özünü doğrultdu. Musiqiçilərə dirijorluq edən müəllif də orta əsr Avropa saray kapelmeysterləri kimi üzü salona tərəf dursa da, insanın ömür yolunun əzab dolu küçələrdən keçdiyini notların dili ilə çatdıran musiqi elə bu günümüzün melodiyası, ifa tərzi idi. Salonun hər tərəfindən üstünə axan melodiyanı dinlədikcə düşünürdün ki, əgər musiqidə 3D effekti varsa, elə bu sayaq ifa olmalıdır.

   «Zamanla üz-üzə” layihəsinin növbəti konserti dekabrın 2-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Ülviyyə Hacıbəyovanın ifasında Əli Əlizadə (Azərbaycan), Valentin Silvestrov (Ukrayna) və Giya Kançelinin (Gürcüstan) əsərləri səslənəcək.

  

   G.Mirməmməd

 

 

Mədəniyyət.-2016.- 2 dekabr.- S.4.