Bütün təklif və təşəbbüslər diqqətlə nəzərdən keçiriləcək

 

 

   Mədəniyyət və turizm nazirinin vətəndaşlarla növbəti görüşü Bərdədə gerçəkləşdi

  

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2013-cü ildən etibarən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Ötən müddətdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də yerlərdə 40-dan çox belə görüş keçirib.

   Noyabrın 30-da nazir Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının binasında Mingəçevir, Yevlax şəhərləri, Ağcabədi, Bərdə, Goranboy, Tərtər, Ağdam, Xocalı və Laçın rayonlarından vətəndaşları qəbul etdi.

   Görüşdən öncə Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi.

   Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndi.

   Bərdə sakinlərinin müraciətləri uşaq incəsənət məktəbində keramika və qədim türk el sənəti olan ebru sənətinin inkişafına dəstək verilməsi, rayon ərazisindəki XVIII-XIX əsrlərə aid tarixi tikililərdə təmir-bərpa işlərinin aparılması barədə idi.

   Tərtər rayonundan qəbula yazılan vətəndaşlar Borsunlu kurqanlarında aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş eksponatların Tarix-diyarşünaslıq muzeyinə verilməsi, rayon ərazisində ermənilər tərəfindən dağıdılmış tarixi abidələrin fotosərgisinin gələn il Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları zamanı nümayiş olunması və digər məsələlər barədə xahiş etdilər.

   Qəbulda Mingəçevir şəhərində açıq səma altında muzeyin yaradılmasına köməklik göstərilməsi, Yevlax şəhəri 1 saylı Uşaq musiqi məktəbinin Uşaq incəsənət məktəbinə çevrilməsinə dəstək verilməsi ilə bağlı müraciətlər də oldu.

   Goranboydan qəbula gələnlər tərəfindən turizm üçün imkanları nəzərə alınaraq Yuxarı Ağcakənd-Buzluq-Todan kəndarası yolun bərpa olunması, Kəpəz dağındakı "Buz mağarası" abidəsinin dövlət qeydiyyatına alınması, rayon sakini olan xalçaçı rəssamın əl işlərinin Bakıda sərgisinin təşkil olunması barədə xahişlər diqqətə çatdırıldı.

   Ağcabədi sakinləri rayonun ərazisindəki arxeoloji abidələrdə tədqiqat işlərinin genişləndirilməsi və toplanmış əşyaların tarix-diyarşünaslıq muzeyinə verilməsi, Ağdam sakinləri "Qarabağ uşaqların gözü ilə" adlı rəsm sərgisinin hazırlanıb Bakı şəhərində və bölgələrdə nümayiş olunmasına köməklik göstərilməsi, Xocalıdan məcburi köçkünlər isə musiqi məktəbində ustad dərslərinin keçirilməsi, musiqi məktəblərinə musiqi alətlərinin verilməsini xahiş etdilər.

   Laçın rayonundan məcburi köçkün olan vətəndaşlar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab fonduna aqrariqtisadiyyat sahələrinə aid ədəbiyyatların verilməsi, Tarix-diyarşünaslıq muzeyinin fəaliyyətini yaxşılaşdırmaq üçün münasib binanın ayrılması və digər məsələləri qaldırdılar.

   Qəbula gələn bütün vətəndaşları dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verdi.

   Nazir jurnalistlərə müsahibəsində bildirdi ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər zamanı vətəndaşlar tərəfindən irəli sürülən bütün təklif və təşəbbüslər diqqətlə nəzərdən keçirilir. Belə canlı ünsiyyət bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir. Budəfəki görüşdə də aktual məsələlərə toxunulduğunu vurğulayan nazir mədəniyyət abidələrinin qorunması və bərpası ilə bağlı müraciətləri xüsusi qeyd etdi.

   Regionlarda turizmin inkişaf etdirilməsi ilə bağlı təkliflərin də nəzərdən keçiriləcəyini bildirən Əbülfəs Qarayev vətəndaşların təşəbbüskarlığını yüksək dəyərləndirdi. Bildirdi ki, ölkəmizdə yeni turizm zonalarının yaradılması istiqamətində mühüm işlər görülür. Ölkəmizin bu bölgəsinin də geniş turizm potensialı var. Turizmin inkişafı üçün addımlar davam etdiriləcək.

 

Mədəniyyət.-2016.- 2 dekabr.- S.5.