Türk dünyası sənədli filmlər festivalının nəticələri müzakirə edilib

 

 

İstanbulda Türk dünyası sənədli filmlər festivalının nəticələrinə həsr olunmuş toplantı keçirilib. Layihə Dünya Jurnalistlər Federasiyasının təşkilatçılığı və Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə reallaşıb.

Mətbuat Şurasından bildiriblər ki, tədbirə Türkiyə və Azərbaycan ilə yanaşı, Qazaxıstandan, Qırğızıstandan, Türkmənistandan və Şimali Kiprdən nümayəndələr qatılıb.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, türk xalqlarının daşıdıqları dəyərlər demək olar vahid təbiətə malikdir. Bu tədbirlər xalqların bir-birinə daha sıx şəkildə yaxınlaşması, ortaq maraq və mənafelərin dünyaya çatdırılması baxımından son dərəcə vacibdir. Bu xüsusda Azərbaycanın rolu da böyükdür. Azərbaycan türk xalqlarını birləşdirən çoxsaylı təşkilatlarda fəal şəkildə təmsil olunur. Bir sıra birliklərin yaranmasında təşəbbüskar qismində çıxış edir, - deyən Ə.Amaşov bildirib.

Vurğulanıb ki, qarşılıqlı əməkdaşlıq türk xalqlarının qloballaşan dünyaya inteqrasiyasını sürətləndirir. Dünya Jurnalistlər Federasiyası da bu festivalı təşkil etməklə ortaq türk maraqlarının təbliğini, türk xalqlarının bir-birinə daha sıx şəkildə inteqrasiyasını hədəf seçib: Azərbaycandan Mətbuat Şurası olaraq biz bu vacib missiyaya dəstək veririk. Festivalda ölkəmizin sənət adamlarının ərsəyə gətirdikləri 7 ekran əsəri təmsil olundu. Radion İsmayılovun Doğma ocağı filmi 3-cü yerə layiq görüldü. Digər iki filmimiz isə ayrı-ayrı nominasiyalar üzrə mükafatlandırıldı.

Toplantıda digər çıxış edənlər də festivalın əhəmiyyətindən söz açıblar. Bildirilib ki, müxtəlif vaxtlarda türklərin tarixi saxtalaşdırılıb, türk milli kimliyi məsələsi şübhə altına alınıb, türklərin assimilyasiya prosesləri geniş vüsət alıb. Bu kimi mənfi proseslərin təkrarlanmaması üçün mənəvi müqavimət formalaşdırmaq lazımdır. Sənədli filmlər festivalı bu yöndə mühüm təşəbbüsdür.

 

Mədəniyyət.-2016.- 2 dekabr.- S.6.