Lavaş çörəkbişirmə ənənəsi UNESCO-nun irs siyahısında

 

 

   Bəşəriyyətin qeyri-maddi mədəni irs xəzinəsində yer alan nümunələr sırasına ilk dəfə milli kulinariya nümunəsi də əlavə olundu

  

   UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyasında xalqımızın daha bir irs nümunəsi - Lavaş çörəkbişirmə ənənəsi bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına salınıb.

   Noyabrın 30-da UNESCO Hökumətlərarası Komitəsinin sessiyasında Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən birgə təqdim edilən "Lavaş, katırma, jupka, yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" qurumun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

   UNESCO-nun Qiymətləndirici orqanı tərəfindən bütün meyarlara dair müsbət rəy alan nominasiya faylı Azərbaycan Respublikası Mədəniyyət və TurizmXarici İşlər nazirliklərinin, Azərbaycan Respublikasının UNESCO yanında Daimi nümayəndəliyinin və bu sahə üzrə beş ölkənin mədəniyyət nazirlikləri, UNESCO üzrə milli komissiyaları, həmçinin sahə üzrə ekspertlərinin birgə əməkdaşlığı ilə hazırlanaraq təqdim edilib.

   Çörəkbişirmə mədəniyyətinin ölkəmizin təşəbbüsü ilə çoxmillətli ənənə kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına təqdim edilməsində məqsəd mədəniyyətin birləşdirici, xalqlar və millətlər arasında paylaşılma gücünü nümayiş etdirərək ölkələrxalqlar arasında tarixi bağlılığı, əməkdaşlığı, eyni zamanda nominasiyanı birgə təqdim edən ölkələrin UNESCO-nun və beynəlxalq hüququn ali prinsiplərinə etimadını bir daha sübut etmiş oldu.

   Qeyd edək ki, UNESCO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə indiyədək Azərbaycanın muğam ifaçılığı, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısında, həmçinin Çövkən - ənənəvi Qarabağ atüstü oyunu UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

   Qədim çörəkbişirmə ənənəsi olan lavaş Azərbaycanda, eləcə də bir sıra qonşu ölkələrdə yayılıb və bu gün də yaşadılmaqdadır.

   Azərbaycan Milli Kulinariya Assosiasiyasının bununla bağlı təqdimat məktubunda qeyd olunduğu kimi, ölkəmizdə kənd yerlərində qonaq gedərkən lavaş aparmaq, yetkin qızın ailə qurmağa hazır olmasını sınaqdan çıxarmaq üçün ona lavaş bişirtdirmək, bayramlarda, ailədə yeni körpə doğularkən, niyyət etdikləri arzuya çatarkən qonşulara lavaşhalva paylamaq adəti indi də qalmaqdadır.

   Lavaş eyni zamanda, ailədə və icmada birliyin, qonşular, qohumlar arasında mehribanlığın, qarşılıqlı yardımın simvolu hesab edilir. Lavaş Azərbaycan xalqının bayramtoy şənliklərində, matəm mərasimlərində istifadə edilən əsas çörək məmulatıdır. Azərbaycan kulinarları Qazaxıstan, Qırğızıstan, İran və Türkiyə ilə birgə təşəbbüs olaraqLavaş, katırma, jupka, yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti"nin UNESCO siyahısına salınmasını alqışlayaraq gələcəkdə bu ortaq irs elementinin təbliği və yayılmasına dəstəyini göstərəcəyini bildirir. Onu da qeyd edək ki, lavaş UNESCO-nun müvafiq siyahısına daxil edilən ilk kulinariya nümunəmizdir. Bu münasibətlə xalqımızı və ayrıca kulinarlarımızı təbrik edirik.

   * * *

   UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiya paytaxtında noyabrın 28-dən davam edən sessiyasında bizim üçün əlamətdar olan daha bir qərar qəbul edilib. Bu da Novruz bayramının ikinci dəfə - daha geniş coğrafiyanı əhatə edən təqdimatla UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsidir.

   Xatırladaq ki, 2009-cu ilin 28 sentyabr - 2 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO Hökumətlərarası Komitəsinin 4-cü sessiyasında Novruz bayramı çoxmillətli nominasiya (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) kimi qurumun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

   Bu dəfə isə Novruz 12 ölkənin - Əfqanıstan, Azərbaycan, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın ortaq irsi kimi UNESCO siyahısına təqdim edilib.

   UNESCO Hökumətlərarası Komitəsinin 11-ci sessiyası dekabrın 2-də işini başa vuracaq. Sessiyada ölkəmizi Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, ölkəmizin Efiopiyadakı səfiri Elman Abdullayev, UNESCO üzrə Milli Komissiyanın müşaviri Gülnarə Ağalarova, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə və digər əməkdaşlar təmsil edir.

 

Mədəniyyət.-2016.- 2 dekabr.- S.8.