Bir günəş altında

 

 

Azərbaycandakı tolerant mühitin ekran təcəssümü

Dekabrın 5-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin çəkdiyi Bir günəş altında sənədli filminin təqdimatı olub. Tədbirdə layihənin rəhbəri, filmin baş prodüseri Arzu Əliyeva iştirak edib.

Təqdimatdan əvvəl iştirakçılar Azərbaycanda millietnik rəngarəngliyi əks etdirən fotosərgi ilə tanış olublar.

Multikulturalizm ili çərçivəsində ərsəyə gələn film Azərbaycanda yaşayan, müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dildini etiqada sahib olan azsaylı xalqların və etnik qrupların həyatından bəhs edir. Çəkiliş heyəti bir ilə yaxın müddətdə Azərbaycanın müxtəlif bölgələrində olub, 54 kənd və qəsəbəyə ekspedisiyalar təşkil edilib. Eksperiment xarakteri daşıyan bu səfərlər zamanı 17 etnik qrupun 134 nümayəndəsinin müsahibəsi lentə alınıb. Çəkiliş üçün hər etnik qrupun onlarla nümayəndəsindən biri seçilib. Çəkilişlər ilin bütün fəsillərində aparılıb. Bu, Azərbaycan təbiətinin rəngarəngliyini göstərməyə imkan verib.

Filmdə müxtəlif dini etiqadların təmsilçiləri öz dini ayinlərini icra edir, 17 etnik qrupun mədəniyyətinin və adət-ənənəsinin izləri görünür. Filmin qəhrəmanları 17 dildə - hər kəs öz ana dilində - danışır.

Ekran əsərinin tamaşaçıya ötürdüyü əsas mesaj Azərbaycanda tolerant bir mühitin olması və burada dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hamının bərabər yaşamasıdır.

 

Mədəniyyət.- 2016.- 7 dekabr.- S.2.