İncəsənət naminə görülən işlərə verilən qiymət

 

 

   Böyük Britaniyanın Kembric Beynəlxalq Bioqrafik Mərkəzi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyevi “Fəxri professor” medalına layiq görüb. Dekabrın 6-da muzeydə Çingiz Fərzəliyevə medalın təqdim edilmə mərasimi keçirildi.

   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Çingiz Fərzəliyevin mədəniyyət sahəsində gördüyü işləri və beynəlxalq miqyasda həyata keçirilən layihələrdə rolunu yüksək qiymətləndirdi. Vurğulandı ki, professor Ç.Fərzəliyevin tanınmış rəssamlarımıza və Azərbaycan incəsənətinə həsr etdiyi silsilə kitabları gələcək nəsillər üçün əvəzsiz töhfədir. Vaqif Əliyev mükafata layiq görülməsi münasibətilə Çingiz Fərzəliyevi təbrik etdi, ona gələcək işlərində uğurlar arzuladı.

   Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər EldarovXalq yazıçısı Çingiz Abdullayev Milli İncəsənət Muzeyinin direktorunu təbrik etdilər. Qeyd olundu ki, hər bir yaradıcı şəxs ərsəyə gətirdiyi sənət nümunəsinin tanınmasını, bəyənilməsini arzulayır. Bu səbəbdən də Çingiz Fərzəliyev Milli İncəsənət Muzeyinin inkişafını və burada baş verən yenilikləri tanıtmaqdan zövq alır. O da bildirildi ki, son illərdə bu muzeydə baş verən çiçəklənmə həm dövlətin qayğısı, həm də düzgün idarəçiliyin sayəsində mümkün olub.

   Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Kerol Krofts çıxış edərək Milli İncəsənət Muzeyinin 80 illik yubileyi ərəfəsində belə mötəbər bir medalın təqdimatını əlamətdar hadisə kimi xarakterizə etdi. Səfir professor Çingiz Fərzəliyevin beynəlxalq aləmdə, muzeylərin qarşılıqlı əlaqələri sahəsində apardığı işlər və bu sahədə əldə etdiyi nailiyyətlərdən söz açdı. Bildirdi ki, onun tədqiqat işləri Azərbaycanın milli incəsənət xəzinəsinin qorunmasına xidmət edir.

   Sonra səfir Kembric Beynəlxalq Bioqrafik Mərkəzinin “Fəxri professor” medalını Çingiz Fərzəliyevə təqdim etdi.

   Çingiz Fərzəliyev təqdimata qatılan hər kəsə təşəkkürünü bildirdiKembric Beynəlxalq Bioqrafik Mərkəzinin “Fəxri professoru” adını daşımasından ikiqat iftixar hissi keçirdiyini vurğuladı.

   Mərasim Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyevanın tələbələrindən ibarət “Detaşe” skripkaçılar ansamblı və Əməkdar artist Nərgiz Kərimovanın ifaları ilə davam etdi.

   Xatırladaq ki, Çingiz Fərzəliyev 2014-cü ildə Böyük Britaniyanın Kembric Beynəlxalq Bioqrafik Mərkəzinin təsis etdiyi “İncəsənətdə görkəmli şəxs” mükafatına layiq görülüb. O, “Azərbaycan rəngkarlığı antologiyası”, “Azərbaycan el sənəti” monoqrafiyalarının, “Natürmort”, “Mənzərə”, “Portret” və digər nəşrlərin, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr edilmiş “Sərvət” silsiləsinin müəllifidir.

  

   Lalə

Mədəniyyət.- 2016.- 7 dekabr.- S.4.