Ölkəmiz Sankt-Peterburqda mədəniyyət forumunda təmsil olunub

Forum çərçivəsində Azərbaycanla Rusiya arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Xəbər verdiyimiz kimi, 1-3 dekabr tarixində Rusiyanın Sankt-Peterburq şəhərində görkəmli rus bəstəkarı Sergey Prokofyevin 125 illiyinə həsr olunmuş V Sankt-Peterburq Beynəlxalq mədəniyyət forumu keçirilib. Forumda ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Forum çərçivəsində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiyanın Mədəniyyət Nazirliyi arasında 2017-2019-cu illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Rusiya Federasiyası mədəniyyət nazirinin müavini Alla Manilova imzalayıblar.

Əməkdaşlıq müqaviləsində xalq yaradıcılığı, kitabxanamuzey işi, kinematoqrafiya sahələrində əməkdaşlığın aparılması və birgə layihələrin həyata keçirilməsi, tarixi-mədəni irsin qorunub saxlanılması, mədəniyyət və incəsənət ixtisasları üzrə təhsil proqramları çərçivəsində əməkdaşlıq məsələləri əksini tapıb. Sənəddə həmçinin musiqisirk kollektivləri, ayrı-ayrı ifaçılar və musiqi sənəti sahəsində mütəxəssislərin mübadiləsi, mədəniyyət və incəsənət üzrə aliorta təhsil müəssisələri, teatrlar arasında birbaşa əlaqələrin inkişafı, eləcə də beynəlxalq musiqi festivalları, müsabiqə və ənənəvi musiqi tədbirlərində iştirak məsələlərinə yer verilib.

Qeyd edək ki, V Sankt-Peterburq Beynəlxalq mədəniyyət forumunun Mariinski Teatrında keçirilən rəsmi təntənəli açılış mərasimində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çıxış edib.

Azərbaycan nümayəndə heyəti forumun açılış mərasimində, "İnnovasiyalar mediada mədəni obyektlərin təşviqi üçün bir vasitədir" adlı dəyirmi masada, bölmə başçılarının yekun iclasında, A.V.Lunaçarski adına mükafatın təqdimetmə mərasimində, mədəni irsin qorunması üzrə plenar iclaslarda və bir sıra tədbirlərdə iştirak edib.

Tədbir çərçivəsində Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinski, Dağıstanın, İnquşetiyanın mədəniyyət nazirləri və bir sıra digər ölkələrin mədəniyyət sahəsində rəsmi şəxsləri ilə görüşlər keçirilib, mədəniyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

 

 

Mədəniyyət.- 2016.- 7 dekabr.- S.5.