Hotellərin restoran işçiləri üçün təlim kursları

 

 

Restoran sahəsində işçilərin peşəkarlıq səviyyəsini artırmaq məqsədilə respublikada ilk dəfə Mədəniyyət Turizm Nazirliyinin Bakı Turizm İnformasiya Mərkəzi Aspi Aqro MMC (Savalan şərab brendi) ilə birlikdə Somelye məktəb layihəsi çərçivəsində Park İnn hotelində paytaxt hotellərinin restoran işçiləri üçün təlim kursları təşkil olunub. Dekabrın 5-dən 8-dək davam edəcək kurslara Bakıdakı hotellərin 50 nəfər restoran işçisi cəlb olunub.

Somelye kurslarının keçirilməsi üçün Ukraynadan Master-Klass somelye məktəbinin rəhbərləri Nikolay Blaqopoluçnı və Natalya Blaqopoluçnaya dəvət olunub. Kurs iştirakçılarına şərabın qoxusuna görə onun keyfiyyəti, üzümün növü və bəzən hətta onun hansı regiona məxsus olduğu, yaşını müəyyən edilməsi üsulları nümayiş etdirilib. Kurs proqramına praktiki məşqlər və şərabların dequstasiyası da daxil edilib. Kursların sonunda şərab mədəniyyəti haqqında bilgilərin əldə edilməsinə görə kurs iştirakçılarına müvafiq sertifikat veriləcək.

 

Mədəniyyət.- 2016.- 7 dekabr.- S.5.