Azərbaycan xalçası ensiklopediyasının ikinci cildi təqdim olunub

 

 

Dekabrın 2-də Azərbaycan Xalça Muzeyində Azərbaycan xalçası ensiklopediyasının ikinci cildinin təqdimatı olub. Müəllifi sənətşünaslıq doktoru, professor Röya Tağıyeva olan ensiklopediya Mədəniyyət və Turizm Nazirliyinin, Xalça Muzeyinin və Yaponiyanın Japan Tobacco İnternational şirkətinin birgə layihəsi əsasında ərsəyə gəlib.

Tədbirdə çıxış edən Xalça Muzeyinin direktoru Şirin Məlikova ensiklopediyanın ikinci cildinin hazırlanmasında zəhməti olanlara təşəkkürünü bildirib. Vurğulanıb ki, zəngin tarixə malik Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası unikal gözəlliyin, xalçalara məxsus zərifliyin və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir. Direktor qeyd edib ki, təqdimatı keçirilən kitab xalçaçılıq sənətinin dünyada tanıdılması istiqamətində görülən işlərin tərkib hissəsidir.

Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova ensiklopediyanın ikinci cildinin nəşrini yüksək dəyərləndirib. Azərbaycan xalçaçılıq sənətinin maddi-mənəvi sərvətimiz olduğunu söyləyən sektor müdiri bu sahəyə dövlət tərəfindən böyük qayğı və diqqət göstərildiyini qeyd edib.

Nəşrin müəllifi Röya Tağıyeva, Xalq rəssamı Fuad Salayev çıxış edərək vurğulayıblar ki, ensiklopediyada Azərbaycan xalçası təkcə milli-mədəni ənənənin deyil, həm də dünya irsinin ayrılmaz hissəsi kimi təqdim olunur. Kitabda xovluxovsuz xalçaların növ müxtəlifliyi, xalça hazırlanmasının texnoloji xüsusiyyətləri, boyaqlar, naxış və rəmzlərin mənşəyi ilə yanaşı, tarixi əhəmiyyət daşıyan xalçalar haqqında məlumat verilir. Cilddə 400-dən çox xovsuz xalçanın mənşəyi, kompozisiyası və ornament örnəyi əks olunub.

 

Mədəniyyət.- 2016.- 7 dekabr.- S.8.