Oyuncaq taleyi insana qismət olanda

 

Dünya ədəbiyyatı tarixində elə əsərlər var ki, yarandığından teatr kino rejissorlarının sevimli ədəbi materialına çevrilir. Avstriya yazıçı-publisisti Stefan Sveyqin "Naməlum qadının məktubu" novellası da belə əsərlərdəndir. Bu əsərin ilk nəşrindən (1922) bir əsrə yaxın vaxt keçsə , o hələ rejissorlara gözəl dramaturji material verməkdədir. Dəqiq olmayan statistikaya görə, "Naməlum qadının məktubu" altı dəfə ekranlaşdırılıb, əsər əsasında müxtəlif ölkələrdə onlarla tamaşa hazırlanıb.

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da böyüklər üçün tamaşa hazırlamaq niyyətilə bu əsərə müraciət edib. Rejissor Anar Məmmədov novella əsasında "Unudulmuş kukla" adlı tamaşa hazırlayıb. Tamaşanın quruluşçu rəssamı Əfşan Əsədovadır.

"Unudulmuş kukla" tamaşasında novelladan yalnız gənc qadının cavabsız sevgi xətti götürülüb. Bu, platonik məhəbbətlə aşiq olduğu məşhur kişi ilə ötəri eşq macərası yaşayaraq, bu münasibətdən nikahsız uşaq doğan, sonra da sevgidən (qadın üçün), ehtirasdan (kişi üçün) yaranmış körpəsi tələf olan qadının yaşam faciəsidir.

Qarşılıqsız hislərinə görə ətrafına nifrət edən Qadın özünü atılmışlar məkanında - zibillikdə daha rahat hiss edir. Bir gün zibillikdən tapdığı gərəksiz gəlincik isə ona öz gəncliyini, uğursuz sevgi macərasını xatırladır: "oynadılar, sonra da atdılar"...

Tamaşada iki aktrisa iştirak edir: Qadın - Cəmilə Allahverdiyeva, bir sözü olmayan Səfil - Elmira Hüseynova. Elə tamaşanın əsas aparıcı qüvvəsi Cəmilə Allahverdiyevadır. Aktrisanın mükəmməl plastikası, hətta tamaşa zamanı yaranan xırda texniki qüsuru çevikliklə aradan qaldıraraq vəziyyətdən çıxması Qadının uğurudur. Sadəcə, aktrisanın monoton səsi oynadığı rolun qəlbə toxunan obraza çevrilməsinə mane olur.

Son etiraf izharı kimi yazılmış "Naməlum qadının məktubu"nun əsas leytmotivi sevgi uğursuzluğuna görə cəmiyyətin üz döndərdiyi qadınların həyatın dibinə daha iti sürətlə yuvarlandığını anlatmaqdır. Düzdür, Sveyqin qəhrəmanı "Unudulmuş kukla"nın zibillik pərvanəsinə çevrilən qəhrəmanından fərqli olaraq fahişə həyatı yaşayır. Amma mahiyyət eynidir: ya əvvəl ruhunu kirlədib, sonra vücudunu kirlət, ya da əvvəl vücudunu kirlətməklə başla.

Səhv etmiriksə, "Unudulmuş kukla" Azərbaycan Dövlət Kukla Teatrının ötən teatr mövsümündən bəri böyüklər üçün hazırladığı üçüncü tamaşadır. Əslində demək olar ki, bu tamaşa da, eləcə çox bəyənilmiş "Zəng" tamaşası da yeniyetmələrə daha çox faydalıdır, nəinki ömrün yetkin çağını yaşayan insanlara. Çünki böyüklər ya artıq bu tamaşaların ("Zəng"də isə görünməyən qəhrəmanların) səhvlərini ediblər, ya da səhvə yol vermədən yetkinləşiblər. Yeniyetmələr, xüsusilə ekrandan, kitabdan tanıdığı məşhurlara bəslədikləri platonik sevgini real yaşamağa can atan qızlar "Unudulmuş kukla"nın qəhrəmanının aqibətindən ibrət götürə bilərlər.

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 7 dekabr.- S.11.