Bilik Fondunun sağlamlıq imkanları məhdud gənclərə kitab hədiyyəsi

 

   3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Bilik Fondunun əməkdaşları paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə baş çəkiblər. Mərkəzdə sağlamlıq imkanları məhdud gənclərin peşə təlimlərinə, yaradıcılıq növlərinə marağı ilə bağlı fikir mübadiləsi aparılıb. Fond tərəfindən mərkəzdə ödənişsiz xarici dil kurslarının açılması, elm, mədəniyyət və ədəbiyyat xadimlərinin iştirakı ilə görüşlərin keçirilməsi təklif edilib.

   Mərkəzin direktoru Rəhilə Həsrətova sağlamlıq imkanları məhdud gənclərin daim dövlətin diqqətində olduqlarını deyib. Vurğulayıb ki, Bilik Fondunun maarifləndirici layihələri belə gənclərin dünyagörüşünün inkişafında böyük rol oynayacaq.

   Sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanasının hədiyyə etdiyi 50 adda kitab Reabilitasiya mərkəzinin kitabxanasına təhvil verilib.

 

Mədəniyyət.-2016.- 7 dekabr.- S.15.