Gənclərə dəstək layihəsində Muğam musiqisi axşamı

 

Dekabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Muğam musiqisi axşamı adlı konsert keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən konsert proqramı Gənclərə dəstək layihəsi çərçivəsində reallaşdı.

Muğam konserti Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin kiçik heyəti - əməkdar artistlər Sahib Paşazadə (tar), Çinarə Heydərova (qanun), Toğrul Əsədullayev (kamança), Azad Əliməmmədov (balaban) və Emin Cəbrayılovun (nağara) ifasında muğam rəngi ilə başladı.

Sonra səhnəyə Televiziya muğam müsabiqəsinin qalibləri Ramiq BayramovNigar Şabanova çıxdı. Ramiq Bayramovun ifasında səslənən Dilkəş təsnifi tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Konsert proqramı bir-birindən maraqlı xalq mahnıları və muğamlarla davam etdi. Tədbirdə xalq artistləri Mənsum İbrahimov, Gülyaz Məmmədova, muğam ifaçılığı üzrə pedaqoqlar, sənətsevərlər iştirak edirdi.

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 9 dekabr.- S.2.