Avropa Şurası Bakı Forumuna dəstəyini davam etdirəcək

 

 

Fransanın Strasburq şəhərində Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battaini-Draqoni Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadəni qəbul edib.

Görüşdə həmçinin Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Markoviç və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin əməkdaşı Ülfət Maçanov iştirak edib.

Görüş zamanı 2008-ci ildə Azərbaycan dövləti tərəfindən irəli sürülmüş Bakı prosesi və hər iki ildə bir dəfə təşkil edilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, gələn ilin may ayında Bakıda keçiriləcək 4-cü Foruma hazırlıqla bağlı müzakirələr aparılıb.

V.Eyvazzadə bildirib ki, Bakı prosesi ideyası hələ 2008-ci ildə Avropa Şurasının tərəfdaşlığı ilə Bakıda keçirilmiş Avropaona qonşu regionların mədəniyyət nazirlərinin konfransında Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb.

Həmin tarixdən etibarən bu ideya inkişaf edərək bu gün UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzini öz ətrafında birləşdirən qlobal platformaya çevrilib.

Xanım Battaini-Draqoni öz növbəsində deyib ki, 5 dekabr tarixində Bakı prosesi Beynəlxalq işçi qrupunun Parisdə keçirilmiş iclası barədə AŞ-nin orada iştirak etmiş nümayəndəsi ona müvafiq məlumatları təqdim edib.

V.Eyvazzadə əlavə məlumat olaraq bildirib ki, Parisdəki iclasda 5-6 may tarixində Bakıda keçiriləcək 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumunun plenarpanel sessiyalarının əsasən dörd istiqamət üzrə müəyyən edilməsi qərara alınıb: mədəniyyətlərarası dialoq, insan təhlükəsizliyi, sülh və davamlı inkişaf. Bununla yanaşı, Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Forum çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinin Yüksək səviyyəli görüşü, həmçinin Dünya mədəniyyət və turizm nazirlərinin 3-cü toplantısı keçiriləcək.

Baş katibin müavini Forumunqeyd edilən tədbirlərin kifayət qədər ciddi proqramla müşayiət olunduğunu ifadə edərək AŞ-nin Şimal-Cənub Mərkəzinin və AŞ Mədəni Marşrutlar Hissəvi Sazişinin bu prosesdə fəal ola biləcəyini, habelə yaxın günlərdə təşkilatın Forumla bağlı təklif və ideyalarının Azərbaycan tərəfinə təqdim ediləcəyini bildirib.

 

Mədəniyyət.- 2016.- 9 dekabr.- S.4.