Görkəmli tarzənin xatirəsinə həsr olunmuş musiqili gecə

 

 

Dekabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi, məşhur tarzən, Xalq artisti Həbib Bayramovun 90 illiyinə həsr olunmuş xatirə gecəsi təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirin iştirakçıları əvvəlcə unudulmaz sənətkarın həyat və yaradıcılığının əks olunduğu fotosərgi ilə tanış olublar.

Xatirə gecəsində Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev çıxış edərək sənətkarın həyat və yaradıcılığından, milli musiqi tariximizdə xidmətlərindən danışıb. Xalq artisti, bəstəkar Tofiq Bakıxanov çıxış edərək mahir tar ifaçısı haqqında xatirələrini bölüşüb.

Bildirilib ki, Həbib Bayramov 1926-cı il iyunun 26-da anadan olub. Hər zaman sənətini yüksək ifaçılıq mədəniyyəti ilə fərqləndirməyə üstünlük verən H.Bayramov tarı milli musiqi aləti kimi sevirdi onu öz ifaçılığı ilə xalqa hər zaman sevdirirdi. Onun repertuarında Rast, Şur, Çahargah, Humayun, Segah digər muğamlar əsas yer tuturdu. O, Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Həqiqət Rzayeva, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rübabə Muradova, Sara Qədimova kimi görkəmli sənətkarları tarda müşayiət edib. Sənətkar tarla yanaşı, həm gözəl saz ifaçısı olub. Onun sazda ifa etdiyi Segah, Humayun, Bayatı-Qacar muğamları milli radionun qızıl fondunda saxlanılır.

Həbib Bayramov 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya Radiosunun Əhməd Bakıxanov adına Xalq çalğı alətləri ansamblının bədii rəhbəri olub.

Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Əhməd Bakıxanov adına Xalq çalğı alətləri ansamblının müşayiəti ilə tanınmış gənc xanəndələrin ifasında xalq, bəstəkar mahnıları muğamlarımız səslənib.

 

Mədəniyyət.- 2016.- 9 dekabr.- S.6.