Azərbaycan torpağına türbət demişəm

Yeni nəşr Cümhuriyyət dövrünü tədqiq etmək üçün qiymətli mənbədir

Dekabrın 7-də İstiqlal Muzeyində Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuş Hacı Səlim Axundzadənin (1872-1930) Azərbaycan torpağına türbət demişəm kitabının təqdimatı keçirildi. Kitabın tərtibçisi AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşı, professor Tufan Axundovdur.

Tədbiri giriş sözü ilə muzeyin direktoru Fəridə Şəms açaraq müəllif haqqında qısa məlumat verdi. Bildirdi ki, Hacı Səlim Axundzadə Lənkəran şəhərində dünyaya göz açıb. İlk təhsilini atasının yeni üsullu məktəbində alıb, dövrünün tanınmış ziyalısı kimi formalaşıb. 28 may 1918-ci il tarixdə Azərbaycan Milli Şuranın üzvü kimi İstiqlal bəyannaməsinin imzalanmasında iştirak edib. O, Cümhuriyyətin süqutundan sonra İranda mühacirətdə olarkən Azərbaycan torpağına türbət demişəm adlı kitabı qələmə alıb.

Filologiya üzrə fəlsəfə doktoru Ədalət Tahirzadə bildirdi ki, kitab XX əsrin əvvəllərində Azərbaycanda milli dövlətçiliyə aparan yolda cərəyan edən daxili proseslərin, Xalq Cümhuriyyətinin yaranması və həmin vaxt baş verən hadisələrin iştirakçısı olmuş Hacı Səlim Axundzadənin xatiratıdır. Müəllif qəflətən vəfat etdiyindən kitab yarımçıq qalıb. Nəşr Cümhuriyyət dövrünü tədqiq etmək üçün qiymətli mənbədir.

AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova kitabın tarixi əhəmiyyətini qeyd etdi: Kitabı oxuyub çox təsirləndim. İstiqlal tariximiz çox tədqiq olunub. Görünür, hələ tədqiq olunası çox işlər qalıb. Müəllif kitabda o vaxt Lənkəranda gedən siyasi mübarizədən ətraflı bəhs edib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Əlyazmalar İnstitutunun əməkdaşı Aybəniz Rəhimova, tarix üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu, Tarix İnstitutunun elmi işçiləri Dilavər Əzimli, Kamran İsmayılov, Ədəbiyyat İnstitutunun elmi işçisi Rəhim Əliyev çıxış edərək kitabın əhəmiyyətindən danışdılar. Hacı Səlim Axundzadənin Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyəti yüksək qiymətləndirildi.

Qeyd olundu ki, Hacı Səlim Axundzadə Xalq Cümhuriyyəti Parlamentinin üzvü kimi ölkənin müxtəlif bölgələrində ictimai-siyasi və mədəni-maarif sahələrinin inkişafı istiqamətində görülən təşkilati işlərdə fəal iştirak edib.

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 9 dekabr.- S.6.