Post-avanqard məkan: hüdudlar genişlənir

 

 

Dekabrın 7-də Zamanla üz-üzə IV müasir musiqi layihəsinin sayca üçüncü payız konserti baş tutdu. Beynəlxalq Muğam Mərkəzində keçirilən konsert proqramı Porst-avanqard məkanda müasir musiqi adlanırdı.

Bu layihədə zaman keçdikcə yeni-yeni ölkələri təmsil edən bəstəkarların əsərlərini eşidirik. Budəfəki konsert istisna olmadı. Ötən həftə Rezo Kiknadze (Gürcüstan), Helena Tulve (Estoniya) Əzizə Sadıkova (Özbəkistan) kimi Azərbaycanın musiqi aləminə o qədər yaxşı tanış olmayan bəstəkarların əsərləri ifa edilmişdisə, bu həftənin ilk konsertində yapon bəstəkarı Yumiko Yokoinin əsəri Avropa müəlliflərinin əsərləri ilə yanaşı ifa edildi.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solistlər qrupunun çıxış etdiyi konsertə Avstriya bəstəkarı və dirijoru Roland Freisitzer dirijorluq edirdi. R.Freisitzer adı post-avanqard musiqi məkanında kifayət qədər məşhurdur. Yeri gəlmişkən, bu bəstəkarın məşhurlaşmasında Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli isimlərindən biri - Fərəc Qarayevinböyük rolu var. Belə ki, Vyana Konservatoriyasının məzunu olan Roland hələ 1999-cu ildə Bakı Musiqi Akademiyasında Fərəc Qarayevdən fərdi dərs almışdı.

Onun Zamanla üz-üzə konsert proqramına daxil edilmiş son bəstələrindən olan Violakamera ansamblı üçün üç saylı konserti isə müəllifin həyat yoldaşı, ifaçı və bəstəkar, tədqiqatçı Yuliya Purgina üçün nəzərdə tutduğu əsərlər silsiləsindəndir.

Konsertdə kamera ansamblı üçün bəstələnmiş Kodama (Yuliya Purgina, Avstriya), tərcümədə Heç bir yerdə, lakin indi burada mənasını verən Nowhere, but here now (Yumiko Yokoi, Yaponiya), Rapitida (İvo Nilsson, İsveç) əsərləri səsləndi.

Dekabrın 9-da Zamanla üz-üzə IV müasir musiqi layihəsinin sonuncu konserti keçiriləcək. Filarmoniyada baş tutacaq konsert XX əsr. Avropaya səyahət adlanır. Konsertdə Avstriya bəstəkarı Frans Şrekerin Heç-heçə operasından parçalar, Paul Hindemitin (Almaniya) Schwanendreher viola ilə orkestr üçün konserti, Qustav Holstun janrın böyük orkestr üçün simfonik süita kimi müəyyən etdiyi Planetlər əsəri səslənəcək.

Dirijor - Roland Freisitzer, solist isə Yuliya Purginadır.

G.Mirməmməd

 

 

Mədəniyyət.- 2016.- 9 dekabr.- S.7.