Böyük Teatrdakı bakılı oğlan

 

 

Azərbaycanın Əməkdar artisti, bariton səsli opera müğənnisi Elçin Əzizov. Rusiyanın Böyük Teatrının ilk azərbaycanlı solisti. Səsi dünyanın məşhur opera səhnələrindən gələn vokalçı. Azərbaycanda bir zamanlar çox populyar olmuş bir Elçin Əzizov da var idi ki, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun ən güclü vokal səsi, yaraşıqlı görünüşü, "XX əsrin çempionu" komandasında kübar ədaları ilə də hər kəsdən fərqlənirdi. Bəli, səhv etmirsiniz, bu elə həmin Elçin Əzizovdur.

"Bakılı oğlanlar" komandasından sonra, müxtəlif sahələri seçən və müəyyən uğurlar qazanan yoldaşlarından fərqli olaraq, Elçin çətin bir sahəni seçir. Elə bu seçimin sayəsində aradan keçən illər ərzində adı bir çox dünya opera səhnələrinin afişasını bəzəməkdədir. Soydaşımız ara-sıra Bakıda da çıxış edir, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının səhnəsində ifası ilə pərəstişkarlarını sevindirir.

Ötən ay J.Bizenin "Karmen" operasında Elçin Əzizov Eskamilyo partiyasını ifa etmək üçün doğma şəhərə gəlmişdi. Elə biztamaşadan əvvəl məşq zamanı fürsət tapıb soydaşımızla görüşmüşdük.

 

- Elçin, sizi Bakıda, səhnədə görmək çox xoşdur.

- Çox sağ olun. Mən də öz doğma şəhərimdə yenidən səhnəyə çıxmaqdan məmnunam.

- İcazənizlə, bir müddət əvvəl Moskvada Böyük Teatrda C.Puççininin "Manon Lesko" operasının premyerası münasibətilə sizi təbrik edim. Azərbaycan operasevərləri bu tamaşanı həm sizin, həm də Yusif Eyvazovonun həyat yoldaşı Anna Netrebko kimi dünya opera ulduzlarının zəfər çıxışı kimi qarşıladı və sizlərlə qürur duydu.

- Minnətdaram. Həqiqətən gözəl tamaşa oldu.

- Karmendə Eskamilyonu oxuyacaqsınız. Özünüzü necə hiss edirsiniz?

- Deyirlər ki, doğma məkanda çıxış edəndə divarlar da kömək edir. Amma doğma divarlar arasında, doğma tamaşaçılar, qohumlar, dostlar qarşısında çıxış etmək ikiqat məsuliyyətdir. Hər halda çalışacağam ki, yaxşı çıxış edim...

- Yeri gəlmişkən, siz Bakıda kino rejissorluğu ixtisasına yiyələnmişdiniz, reklam çarxları çəkmişdiniz, özünüz də filmlərə çəkilmişdiniz... 30 yaşında vokal təhsili almağa başladınız. Düzdür, zaman göstərdi ki, siz düzgün seçim etmişsiniz. Amma o zaman həyatın seçimini etmək çətin olmadı ki?

- Çətin idi, əlbəttə. Mənə elə gəlir ki, hansısa sənətə yetkin yaşda gələndə qarşındakı məqsədi daha dəqiq görürsən və ona doğru da daha iti addımlarla irəliləyirsən. Bir tərəfdən mənə deyirdilər ki, sənətə gec gəlmisən, vokal ilə bu yaşdan sonra ciddi məşğul olmağa dəyməz. Amma digər tərəfdən, mən seçdiyim sahədə uğurlara başqalarına nisbətən daha tez nail oldum.

- Sizin gözəl aktyorluq, xüsusən də komik aktyor istedadınız var. Belə bir istedadı boğmağa heyfiniz gəlmir?

- Mən onu boğmuram ki... Səhnədə yeri gəldikcə istifadə edirəm, opera partiyalarımı həm də bir aktyor kimi hazırlayıram. Elə adını çəkdiyiniz Manon Lesko operasında Manonun qardaşı, serjant Leskonun obrazındakı kifayət qədər komik cizgilər var, mən də tamaşada bu bacarığımdan istifadə etdim. Əslində yumor elementləri olan partiyaları həvəslə ifa edirəm. Bəlkə də gələcəkdə komik, dramatik aktyor qabiliyyətimi göstərmək üçün daha çox imkanlar olacaq. Bilmirəm... Amma hər halda "Bakılı oğlanlar" ŞHK məktəbi mənə o qədər şey verdi ki, onlardan ömür boyu gen-bol istifadə etmək olar.

- O cümlədən də populyarlıq... Populyarlıq vokalçı karyeranızda sizə kömək edirmi?

- Populyarlıq həmişə adama kömək edir. O zamandan bəri zahiri görkəmim xeyli dəyişib deyə, bəziləri məni ya tanımır, ya da bir qədər gec tanıyır. Amma tanıyan kimi hiss edirəm ki, onların rəğbəti dərhal xeyli artır. Buna görə həyatda da, karyeramda da onun yalnız xeyrini görürəm.

- Sizin yaradıcılığınızı uzaqdan-uzağa da olsa, izləyirik, Rusiya mətbuatına verdiyiniz müsahibələri oxuyuruq. Qənaətimiz budur ki, siz maksimalist adamsınız...

- ... Elə çıxır... ŞHK komandasının üzvüsənsə, mütləq çempion olmalısan, vokalçısansa, Böyük Teatrın solisti... Bilirsiniz, mən daha geniş düşünməyə öyrəşmişəm. Bəli, Bakıda, doğmalarımın qarşısında çıxış etmək mənə xoşdur. Amma burada mənim özümü kiməsə tanıtmağa, istedadımı sübut etməyimə ehtiyac yoxdur. Mənim öz vokal qabiliyyətimi xaricdə, daha böyük vokal ənənələrinə malik ölkələrdə göstərməyim özüm üçün , düşünürəm ki, xalqım üçün daha şərəflidir. Şükürlər olsun, ABŞ-da, Latın Amerikasında, Asiya ölkələrində dəfələrlə çıxış etmişəm, ümid edirəm ki, bu dəvətlər yenə olacaq.

- Teatrda repertuarda çox məşğulsunuz?

- Bəli, işim çoxdur. İstər italyan, istərsə rus operalarında əsas bariton partiyalarını ifa edirəm.

- Rus səhnəsinin əfsanəvi rejissoru Yuri Lyubimov ilə işləmək sizə qismət olub...

- Həqiqətən , onunla birlikdə işləmək, onunla qarşılaşmaq böyük bayram idi. Lyubimov unikal şəxsiyyət, böyük rejissor idi. Biz məşq prosesində çalışırdıq ki, fasilədə ondan aralı düşməyək, sadəcə, onun danışdığını, nələri xatırladığını eşidək. Knyaz İqoru hazırlayanda onun 94 yaşı var idi. Dahi rejissorun məni knyaz İqor partiyası üçün seçməyi mənim üçün ən böyük xoşbəxtliyə bərabər idi. yaxşı ki, həmin tamaşa lentə alındı. İndi Fransanın "Frans-5", Rusiyanın "Kultura" televiziya kanalları həmin operanın lent yazısını ildə bir neçə dəfə göstərirlər.

- Sizin ifanızı bəyənən, Azərbaycan mədəniyyətinin uğuruna sevinən biri kimi çox istərdim ki, vokal müsabiqələrində böyük uğurlar qazanaydınız. Amma deyəsən, buna yaşınız çatmadı... Necə olsa, müsabiqələrdə yaş senzi 35-i keçmir...

- (gülür) Elədir, yaşıma görə çatdıra bilmədim. Cəmi iki müsabiqədə iştirak etdim, ikisində laureat oldum. Bakıda Bülbül adına müsabiqədə, Moskvada da Qalina Vişnevskaya adına müsabiqədə... Bəlkə elə müsabiqələr var ki, onlar üçün 35 yaş limiti qoyulmayıb, sadəcə, mənim xəbərim yoxdur. Düzü, mənim üçün hər yeni teatr səhnəsində çıxış etmək, ya da hər yeni partiyanı öyrənmək elə müsabiqədə iştiraka bərabərdir. Mükafatım da tamaşaçıların alqışlarıdır.

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 9 dekabr.- S.10.