Üzeyir Hacıbəylinin ev-muzeyində açıq dərs

 

 

Dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyi həm də sənət tədrisi ocağıdır. Burada vaxtaşırı musiqi məktəblərinin açıq dərsləri, hesabat konsertləri təşkil edilir.

Dekabrın 4-də muzeydə Nizami rayonu 328 nömrəli tam orta məktəbin musiqi müəllimi Nailə Heydərova şagirdlərə operettalibretto mövzusunda açıq dərs verdi. Dərs Üzeyir Hacıbəylinin O olmasın, bu olsun və Arşın mal alan operettaları əsasında təşkil edilmişdi.

Nailə müəllimə Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında şagirdlərə məlumat verdi. Söylədi ki, Üzeyir bəy həm də dövlət himnimizin musiqi müəllifidir. Qeyd etdi ki, Üzeyir Hacıbəyli 10 irihəcmli səhnə əsəri yazıb. Bunlardan 7-si opera, 3-ü isə operettadır. Nailə müəllimə uşaqlara opera ilə operettanın fərqini izah edərək dedi ki, Üzeyir Hacıbəyli Koroğlu operasından başqa bütün əsərlərinin librettosunu (mətnini) özü yazmışdır.

Sonra Nailə xanımın royalda müşayiəti ilə şagirdlər Üzeyir Hacıbəylinin operettalarından ibarət səhnəciklər nümayiş etdirdilər. Uşaqlar - Murad, Güləndam, Nərmin, Kənan, Allahverdi öz rollarının öhdəsindən bacarıqla gəldilər. Məktəbin şagirdi Mələk Abbasovanın ifasında Sarı gəlin rəqsi tamaşaçıların böyük alqışlarına səbəb oldu. Sonra isə məktəbin xoru Arşın mal alan operettasından qızlar xorunu və Azərbaycan himnini ifa etdi.

Söz məktəbin dərs hissə müdiri Məhəmməd Hüseynova verildi. O, şagirdləri gözəl təşkil edilmiş bu kiçik konsert proqramına görə təbrik etdimusiqi fənnini, Üzeyir Hacıbəyli musiqisini mükəmməl mənimsədiklərini dedi.

Məktəbin müəllimləri Sevinc xanım, Ülviyyə xanım da çıxış edərək şagirdləri gözəl ifalarına görə təbrik etdilər. Tədbirə qonaq kimi dəvət olunan Nizami rayon 12 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi Məlahət Kərimova şagirdlərə çiçək dəstələri təqdim edərək onların ifasına heyranlığını bildirdi.

Bu sətirlərin müəllifi də səslənən xoş sözlərə qoşularaq uşaqlara Üzeyir bəy musiqisini məharətlə aşılayan Nailə Heydərovaya təşəkkürlərini bildirdi, şagirdlərə təhsildə uğurlar arzuladı.

Sonda məktəbin müəllim və şagird kollektivi, həmçinin valideynlər muzeyin ekspozisiya otaqları ilə tanış oldular, bəstəkarın həyat və yaradıcılığına həsr edilmiş Əbədi iftixarımız adlı sənədli filmə tamaşa etdilər.

Gülnarə Ələsgərova

Üzeyir Hacıbəylinin ev-muzeyinin Ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri

 

Mədəniyyət.- 2016.- 9 dekabr.- S.10.