Uzun ömrün rənglər aləmi

 

Xalq rəssamı Elbəy Rzaquliyevin 90 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Dekabrın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Elbəy Rzaquliyevin 90 illik yubileyi münasibətilə xatirə sərgisinin açılışı oldu.

Mədəniyyət və Turizm Nazirliyinin, Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşən sərgiyə çoxlu sənətsevər və ictimaiyyət nümayəndələri qatılmışdı.

Tədbiri muzeyin direktoru, professor Çingiz Fərzəliyev açaraq Xalq rəssamının sənət dünyasının sehrinə toplaşanlara onun zəngin irsindən söz açdı.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev XX əsr Azərbaycan realist rəssamlığının tanınmış nümayəndələrindən biri, görkəmli rəngkar Elbəy Rzaquliyevin təsviri incəsənətimizdəki bənzərsiz xidmətlərindən, çoxşaxəli yaradıcılığından danışdı. O, mərhum rəssamın əsərlərində yaşayan xalq ruhunun ölməzliyindən, canlı təəssüratların dəqiq təsvirindən, incə duyğuların boyalarla uğurlu ifadəsindən söz açaraq rəssamın yaradıcılığının əbədiyaşarlığına inandığını bildirdi.

Xalq yazıçısı Çingiz Abdullayev rəssamla olan dostluğunu, onun səmimi yoldaşlığını, sənətinə ciddi münasibətini, eləcə də sənətkarın incə, xeyirxah ürəkli olması ilə bağlı xatirələrini dilə gətirdi.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Səlhab Məmmədov Elbəy Rzaquliyevin həmkarları ilə doğmalığını, onun yaradıcılıq özəlliklərini diqqətə çatdırdı.

Rəssamın qızı Aytən Rzaquliyeva atasının yaradıcılığına göstərilən qayğıya görə, sərginin təşkilində əməyi keçən hər kəsə sayğısını bildirdi.

Sonra sərgi ilə tanışlıq başlandı. Sərgidə rəssamın 30-dan çox əsəri nümayiş olunur. Bakı inqilab dövründə, Şirvanşahlar kompleksi, Pirşağı, Vidalaşma, Buxarest. Kolo Viktoriya, Əmək adamları, Yüksəklikdə, Tikintidə, Abşeron melioratorları, Vitrin qarşısında, Yolsalanlar, İnşaatda, Efiopiya. Ana, Nepal, Sülh uğrunda mübarizlər və müxtəlif kinofilmlərə çəkdiyi eskizlər tamaşaçıda rəssamın yaradıcılığı haqqında geniş təəssürat yaradır.

Bildirək ki, Elbəy Rzaquliyev 1926-cı ildə Bakı şəhərində anadan olub. 1946-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib, sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb.

1953-cü ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib, həmin ildən Azərbaycanfilm kinostudiyasında quruluşçu rəssam kimi yaradıcılıq fəaliyyətinə başlayıb. Görüş, Ögey ana, Sevils. kimi uğurlu ekran həyatı yaşamış filmlərin rəssamı olub.

Rəssam Meksika, Fransa, Rumıniya, İtaliya, Hindistan, Tailand, Yaponiya, Türkiyə, Suriya, Yəmən, Küveyt, İordaniya, ABŞ, İsveçrə və s. ölkələrə yaradıcılıq səfərlərində olub, bu səfərin yaradıcı təəssüratı kimi dəyərli əsərlər meydana gəlib.

E.Rzaquliyev 1964-cü ildə Azərbaycanın Əməkdar rəssamı, 1977-ci ildə isə Xalq rəssamı fəxri adına, 1986-cı ildə Dövlət mükafatına layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqının idarə heyətinə üzv seçilib, 1987-ci ilədək Rəssamlar İttifaqının katibi olub. 1998-ci ildə rəssam Şöhrət ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülüb. 2007-ci ildə, 81 yaşında vəfat edib.

Sərgi dekabrın 17-dək davam edəcək.

S.Qaliboğlu

 

 

Mədəniyyət.- 2016.- 14 dekabr.- S.3.