Mədəniyyətimizin böyük hamisi kitabxanaların inkişafına xüsusi diqqət ayırırdı

 

 

Dekabrın 8-də Akademik Zərifə Əliyeva adına liseydə Ulu öndər Heydər Əliyevin şəxsi kitabxanasından Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi kitabları mövzusunda konfrans keçirilib.

Milli Kitabxana, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin kitabşünaslıq və nəşriyyat işi kafedrası və lisey tərəfindən təşkil edilən tədbirdə məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonra tədbir iştirakçıları ümummilli liderin 1995-1997-ci illərdə şəxsi kitabxanasından Milli Kitabxanaya hədiyyə etdiyi kitablarla tanış olublar.

Liseyin direktoru Mehriban Vəliyeva çıxış edərək Heydər Əliyevin təhsil, elm, mədəniyyət sahələrinin inkişafına diqqət və qayğısından bəhs edib. Qeyd olunub ki, ulu öndər mədəniyyətin inkişafına, kitabxanaların fəaliyyətinin yaxşılaşdırılmasına, kitabxana fondlarının müxtəlif məzmunlu və dəyərli nəşrlərlə formalaşmasına hər zaman böyük həssaslıqla yanaşıb, bu istiqamətdə fərman və sərəncamlar imzalayıb.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirovun Kitaba və mütaliəyə münasibətdə Heydər Əliyev nümunəsi adlı məruzəsi dinlənilib. Məruzədə ulu öndərin kitaba, kitabxanaya mənəviyyat, bilik, zəka mənbəyi kimi qiymət verməsi, mədəniyyətimizin ayrılmaz hissəsi olan kitabxanaların inkişafına qayğısından söz açılıb.

Dahi siyasətçinin Milli Kitabxanaya hədiyyə etdiyi kitablar haqqında məlumat verən K.Tahirov bildirib ki, ulu öndərin bu təşəbbüsü nəticəsiz qalmayıb, onun ardınca görkəmli elm və mədəniyyət xadimləri, ziyalılar şəxsi kitablarını kitabxanaya hədiyyə ediblər.

Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Heydər Əliyevin elm və təhsilin inkişafına qayğısından danışıb. BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan Yeniyetmələrin və gənclərin mənəvi tərbiyəsində Heydər Əliyevin zəngin irsinin əhəmiyyəti, filologiya üzrə fəlsəfə doktoru Rasim Süleymanov Ulu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti mövzusunda çıxış ediblər.

* * *

Qeyd edək ki, dekabrın 9-da Milli Kitabxanada da Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Ulu öndərin həyat yolunu əks etdirən geniş kitab sərgisi və Heydər Əliyev mədəniyyətimizin hamisidir adlı film nümayiş olunub.

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 14 dekabr.- S.6.