İsmayıl Əsəd oğlu Məmmədov

 

 

 

   Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam İsmayıl Məmmədov 2016-cı il dekabrın 12-də ömrünün 68-ci ilində uzunsürən xəstəlikdən sonra vəfat etmişdir.

   İsmayıl Əsəd oğlu Məmmədov 1948-ci il martın 31-də Bakıda anadan olmuşdur. 1963-cü ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin rəngkarlıq şöbəsinə daxil olmuşdur. Tələbəlik illərindən kitab qrafikası ilə məşğul olmağa başlamışdır. 1968-ci ildə rəssamlıq məktəbini bitirərək İ.Repin adına Leninqrad (indiki Sankt-Peterburq) Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna qəbul olmuş, burada SSRİ Xalq rəssamı, professor Yevsey Moiseenkonun sinfində rəssamlıq sənətinin sirlərinə yiyələnmişdir. 1974-cü ildə institutu bitirdikdən sonra, əvvəlcə Azərbaycan Rəssamlar İttifaqının Bədii Fondunda işləmiş, daha sonra pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1976-cı ildən respublika və beynəlxalq rəsm sərgilərinin iştirakçısı idi.

   İsmayıl Məmmədov uzun illər teatr rəssamlığı sahəsində fəaliyyət göstərmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluşçu rəssam vəzifəsində çalışmışdır. 1998-2007-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rəssamı vəzifəsində işləmişdir.

   İstedadlı rəssam Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnəyə qoyulmuş İlyas Əfəndiyevin "Hökmdar və qızı", Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" ("Göytürklər"), "Dar ağacı", Əli Əmirlinin "Köhnə ev", "Varlı qadın", Nazim Hikmətin "Kəllə", Ramiz Novruzun "Hələ "sevirəm" deməmişdilər...", Cəfər Cabbarlının "Ulduz, yaxud Ədirnə fəthi" dramlarının, Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun", Rüfət Əhmədzadə və Emin Sabitoğlunun "Hələlik", İmre Kalmanın "Maritsa", "Qaraçı premer", Ferents Leqarın "Şən dul qadın", Qeybulla Rəsulov və Cavanşir Quliyevin "Məhəbbət oyunu", Tamara Vəliyeva və Emin Sabitoğlunun "Bankir adaxlı", Rauf Hacıyevin "Talelər qovuşanda", Qara Qarayevin "Coşğun Qaskonlu" operettalarının, Azərbaycan Dövlət Rus Dram Teatrında Nəbi Xəzrinin "Burla xatun" pyesinin tamaşalarına bədii tərtibat vermişdir.

   İsmayıl Məmmədov kitab qrafikası və rəngkarlıq sahəsində də bir sıra yaddaqalan əsərlər yaratmışdır. Azərbaycan xalqının milli mənəvi dəyərlərinin, tarixi keçmişinin təbliği onun əsərlərinin başlıca mövzularından olmuşdur. Onun əsərləri Azərbaycanın muzeylərində və bir sıra şəxsi kolleksiyalarda saxlanılır.

   İsmayıl Məmmədovun yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olmuş və dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 2002-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülmüşdür.

   Tanınmış sənətkar, əsl ziyalı və qayğıkeş insan İsmayıl Əsəd oğlu Məmmədovun işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

   Allah rəhmət eləsin.

  

   Mədəniyyət və Turizm Nazirliyi

   Azərbaycan Rəssamlar İttifaqı

   Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

   Azərbaycan Teatr Xadimləri İttifaqı

 

Mədəniyyət.- 2016.- 14 dekabr.- S.7.