Azərbaycan Memarlar İttifaqının 80 illik yubiley mərasimi

 

 

Dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Memarlar İttifaqının (AMİ) 80 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan memarlarının layihələrindən ibarət sərgi ilə tanış olublar.

Yubiley tədbirində Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə yaradıcılıq birliyinin tarixindən danışıb. Bildirib ki, Azərbaycan Memarlar İttifaqının təsis qurultayı 1936-cı ilin martında keçirilib. Ötən illərdə memarlarımız dünya memarlıq sənətinə yüzlərlə çox gözəl əsər bəxş edib. Azərbaycan 1992-ci ildə ABŞ-ın Çikaqo şəhərində keçirilən beynəlxalq konqresdə Beynəlxalq Memarlar İttifaqının müstəqil üzvü seçilib. Müasir dövrdə memarlıq və şəhərsalma Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. 2016-cı il noyabrın 25-də dövlət başçısının imzaladığı sərəncamlarla memarlıq sahəsində nailiyyətlər qazanmış 18 nəfər təltif olunub.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yüksək adlara layiq görülmüş memarları təbrik edərək, onlara yaradıcılıq nailiyyətləri arzulayıb. Nazir vurğulayıb ki, memarın istedadı, yaradıcılıq qabiliyyəti olmasa, bizim yaşadığımız məkan bu qədər gözəl və rəngarəng ola bilməzdi.

Azərbaycan xalqının memarlıq məktəbindən danışan Əbülfəs Qarayev İçərişəhər Dövlət tarix-memarlıq qoruğunun UNESCO-nun Dünya irs siyahısına daxil olunduğu xatırladıb. Biz bu gün Şəki şəhərinin də UNESCO-nun siyahısına daxil edilməsinə çalışırıq və lazımi sənədləri hazırlayırıq. Naxçıvanın türbələri və o dövrdə yaşayıb-yaradan memarlarımızın əsərlərini də UNESCO-nun siyahısına daxil etmək istəyirik. Biz bu əsərlərlə fəxr edirik. Çünki bütün bunlar xalqımızın, tariximizin və Azərbaycan memarlığının inkişafının bariz göstəricisidir, - deyə nazir vurğulayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova memarları yüksək dövlət mükafatlarına layiq görüldüklərinə görə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.

 

Mədəniyyət.- 2016.- 16 dekabr.- S.6.