Şahdağ Turizm Mərkəzində qış mövsümü açıldı

 

 

Bu il ənənəvi əyləncələr sırasına atıcılıq və paraplan xidməti əlavə olunub

Şahdağ Turizm Mərkəzi dekabrın 15-dən 2016-2017-ci il qış mövsümünü açıq elan edib. Bu barədə verilən məlumatda bildirilir ki, turizm kompleksi, hər il olduğu kimi, bu il də planlaşdırılan əyləncəli tədbirlərlə hər kəsin zövqünü oxşayacaq.

Sayca beşinci olan bu qış mövsümü üçün bütün texniki hazırlıq işləri başa çatdırılıb, kanat yolları və xizək yamacları istifadəyə hazır vəziyyətə gətirilib.

Ötən illərdə olduğu kimi, bu il də kompleksdə dağ-xizək turizmi həvəskarları üçün aeroxizəkdə gəzinti, kanatla yüksəklikdən sürüşmə, ziplayn, kvadrosikll turları, uşaqlar üçün kirşələr, qarda tübinq, qarsıxıcı maşınlarda maraq dolu gəzinti və buz meydançası kimi qış əyləncələrinə əlavə olaraq, peynbol, at üstündə gəzinti, uşaq parkı, qış əyləncələri də hazırlanıb. Ənənəvi əyləncələr sırasına bu il atıcılıq və paraplan xidməti əlavə ediləcək.

Bütün əyləncələrdən istifadə zamanı turistlər hər cür təhlükəsizlik ləvazimatları ilə təmin edilirdaim bələdçilərin nəzarəti altında olurlar. Qonaqların mükəmməl istirahətini təşkil etmək üçün 2016-cı il ərzində həm texniki, həm də xidmət sahəsində çalışan işçilərə 200-dən çox təlim təşkil olunub.

Qeyd edək ki, dünya üzrə hotellərin reytinqini təşkil edən www.booking.com saytının statistikasına əsasən Şahdağ HotelSpa 9 balla qiymətləndirilərək, Azərbaycan üzrə 3-cü, şimal regionunda isə 1-ci yeri tutub.

Regionun ən böyük dağ-xizək kurortu Qusar rayonunda (Şahdağ Milli parkı) 2 min hektardan çox ərazini əhatə edir. Şahdağ Turizm Mərkəzi 2012-2013-cü il qış mövsümündən istirahət həvəskarlarının ixtiyarındadır. Burada 5 ulduzlu Shahdag Hotel & Spa, Pik Palace, Park Chalet, 4 ulduzlu "Zirve Hotel" və Gaya Residence - ailəvi dağ-xizək hoteli, həmçinin büdcəli səyahət üçün qonaq evləri - Gənclər mehmanxanası tikilib. Qonaqlar öz ehtiyaclarına uyğun ən sərfəli qonaqlama imkanından yararlana bilərlər. Ətraflı məlumatı www.shahdag.az saytında əldə etmək olar.

 

Mədəniyyət.- 2016.- 16 dekabr.- S.9.