Vətən sevdalı soydaşımız

 

 

Azərbaycan, ərəb, türk dillərində yazıb-yaradan həmvətənimizin Birləşmiş Ərəb Əmirliklərində kitabları işıq üzü görüb

Qürbətdə yaşayan, ürəyi yurd eşqi ilə döyünən, böyük bir coğrafi məkanda Azərbaycanı ləyaqətlə təmsil edən gənc aydınlarımızdan biri də Zəhra Süleymandır. Bakıda ziyalı ailəsində doğulan xanım 15 ilə yaxındır valideynləri ilə bərabər Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayır. Atası kimyaçı alimdir, dəvət əsasında bu ölkəyə işləməyə gedib.

Əbu-Dabi Universitetinin əməkdaşı olan Zəhra Süleyman şərqşünas, araşdırmaçı kimi tanınmaqla yanaşı, Azərbaycan, ərəb, türk dillərində şeir, hekayə, povestbir çox publisistik yazıların müəllifidir. Onu hazırda yaşadığı ölkədə Şəhrizad ədəbi imzası ilə tanıyırlar.

Soydaşımız əruz, heca və sərbəst vəznlərdə yazıb-yaradır və özünəməxsus poetik dili, üslubu onu oxuculara daha da yaxınlaşdırır. Onun şeirləri qəlbində qəriblik nisgili olan, qürbətdə yaşayan insan ömrünün acılı-şirinli günlərinin misraya çevrilən harayıdır. Onun aləmində dünya vətəndən, doğulduğu eldən, obadan başlayır. Bu baxımdan Şəhrizad xanım ata yurdu Cəbrayıla, ana yurdu Ağsuya çox bağlıdır. Hər iki bölgəmizlə bağlı xatirələri var. Doğma yurdun şehli səhərləri, laylalı axşamları, axar suları, barlı ağacları, sarı sünbüllü çölləri, göy üzünü dolaşan bulud karvanı, dağların dumanı onun uşaqlıq yaddaşına əbədi həkk olunub:

Uşaqlıq çağımın xatirəsisən,

Həsrətli yuxumun müsafirisən.

Qürbətdə könlümün həzin səsisən,

Cəbrayılda qalan tənha çinarım.

İstedadlı qələm sahibinin bədii publisistikası da diqqətçəkəndir. Vətənlə bağlı uşaqlıq xatirələrini ərəb dilində qələmə alan soydaşımızın Şəhrizadın düşüncələri kitabı yurda sevgidən yaranıb. Vətənə, torpağa bağlılıq, milli təəssübkeşlik duyğusu müəllifin "Zikrayət" (Xatirələr) kitabında yer alan düşüncələrində daha qabarıq əks olunub. Kitabla tanış olan ərəb oxucu xəyalən Qarabağın, Şuşanın, Laçının, Ağdamın, Cəbrayılın, habelə Şirvanın səfalı məkanlarını qarış-qarış gəzir, Şamaxı elindən keçərək Ağsu dolaylarını, Şeyx Dursun türbəsini, Araz boyu kəndləri, Ziyarət dağını dolaşır.

Şəhrizadın poeziyasında, hekayələrində, publisistikasında, eləcə də bədii tərcümələrində çağımızın ictimai-siyasi mənzərəsi canlanır, keçmişlə bu gün qovuşur. Həyatında baş verən önəmli hadisələri, şahidi olduğu qəribə olayları, müxtəlif ölkələrə səfər təəssüratlarını qələmə alan yazarın ərəb dilində nəşr olunan başqa bir kitabı "Mədinətil riyah" (Küləklər şəhəri) adlanır. Adından göründüyü kimi, bu kitabının qəhrəmanları Bakıda yaşayan, müxtəlif təbəqələri, bölgələri təmsil edən fərqli dünyagörüşlü insanlardır. Əl-mara vul hob" (Qadın və sevgi) fəlsəfi-psixoloji esselər kitabında isə müəllif qadın dünyası, onun zəngin mənəvi aləmindən geniş söz açır.

Mərhum şərqşünas alim Aida İmanquliyevanın elmi fəaliyyəti haqqında qələmə aldığı "Covharatil Şark" (Şərqin gövhəri) kitabı Şəhrizada böyük uğur gətirməklə yanaşı, Körfəz ölkələrində ərəb oxucularının böyük marağına səbəb olub. Müəllif A.İmanquliyevanın şərqşünaslıq elminə verdiyi töhfələrdən, ərəb ədəbiyyatının öyrənilməsində xidmətlərindən söhbət açmaqla Azərbaycan alimini ərəb dünyasına tanıdır. Küveyt, Bəhreyn, Oman, BƏƏ-nin universitetlərində Şəhrizadın təşəbbüsü ilə bu kitabın təqdimatı keçirilib, nəşr Əbu-Dabi, Əl-Şarika beynəlxalq kitab sərgilərində nümayiş olunub.

Şəhrizad xanım bədii tərcümə ilə də məşğuldur. O, məşhur ərəb şairləri Nizar Kabbani, Əhməd Şoiqi, Mahmud Dərviş, Nazik əl-Mələikə poeziyasından bədii tərcümələr edir:

Ey insanlar, duyun məni!

Alagözlü Bilqeyisim şəhid oldu!

O dəhşətli hadisədə

İblislərin, şeytanların əli ilə

Terrorun qurbanı oldu.

Dünya, sənə səslənirəm:

- Söylə, budurmu ədalət?!

Yaxın Şərqdə hökm sürür,

Avam, nadan bir cəhalət.

Bir qadının ölümünə qıyanlara

ad verim?!

Onun tərcümə etdiyi bu misralar çağdaş Şərq ədəbiyyatının böyük simalarından biri Nizar Kabbaninin "Bilqeyis" poemasındandır. N.Kabbani yaradıcılığını araşdıran Şəhrizad şairin adına təsis olunmuş mükafata layiq görülüb. Soydaşımız ərəb ölkələrində keçirilən poeziya günlərinin, şeir gecələrinin fəal iştirakçısıdır. Onun ərəb poeziyasından etdiyi tərcümələr Azərbaycan mətbuatında, müxtəlif saytlarda dərc olunur.

Hazırda Əbu-Dabi Universitetinin İctimai əlaqələr kafedrasında çalışan Şəhrizad xanım tələbə müəllim heyətinin hörmətini qazanıb. Universitet xətti ilə müxtəlif ölkələrdə keçirilən elmi konfranslara, simpoziumlara qatılan həmyerlimiz bu tədbirlərdə torpaqlarımızın ermənilər tərəfindən işğal olunması, Xocalı soyqırımı, 20 Yanvar qırğını ilə bağlı çıxışlar edir, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında öz töhfəsini əsirgəmir.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 16 dekabr.- S.10.