Mədəniyyət.AZın növbəti sayında

 

 

Mədəniyyət.AZ jurnalının növbəti sayı oxucuların ixtiyarına verilib. Nəşrin bu sayında ölkəmizin 25 illik müstəqillik dövründə keçdiyi yola nəzər salınır. Nisgilimiz - Qarabağ rubrikasında Xocavənd və Zəngilanın düşmən əlinə keçməsi xatırlanır, vətənpərvərlik mövzusunda yazılar təqdim olunur.

Jurnalda Xalq şairi Süleyman Rüstəmin 110, nəğməkar şair Ənvər Əlibəylinin 100 illik yubileyi münasibətilə Azərbaycanın poetik ensiklopediyası və Nəğməyə dönən ömür məqalələri dərc edilib. Azər Turanın müsahibə janrında qələmə aldığı Turan Cavidin son söhbəti yazısında görkəmli ədib Hüseyn Cavidlə bağlı maraqlı faktlara rast gələcəksiniz.

Bu kino ki var... bölümündə görkəmli ssenarist Ramiz Fətəliyev, istedadlı operator Rasim İsmayılov kimi sənətkarların ömür yolundan danışılır, yaratdıqları həmişəyaşar əsərlər sadalanır.

Teatrlarımızın bu günündən Azərbaycan Dövlət Musiqili Teatrında, rəngkarlıq üzrə tanınmış rəssamlar Toğrul Nərimanbəyov və Əyyub Hüseynovun yaradıcılığından bəhs edən, muzeylərimiz barədə Daşlar sirrini açır, Azərbaycan xalçalarının ornamentləri, Biz müstəqil Azərbaycanın həmyaşıdıyıq və digər yazılardan məlumat almaq mümkündür.

Azərbaycanda turizmin inkişafının yeni mərhələsi, termal təsisatlar, Bakı əcnəbilərin gözü ilə mövzuları üzrə isə yazılar turizm bölümündə yer alıb.

Ənənə rubrikasında Bakıda keçirilən Çörək festivalı və Göyçayda təşkil olunan Nar bayramı barədə qeydləri oxuya bilərsiniz.

Ümid edirik ki, Mədəniyyət.AZ dərgisinin bu sayı da böyük oxucu sevgisi və marağı ilə qarşılanacaq.

 

Mədəniyyət.- 2016.- 16 dekabr.- S.16