Gənc Tamaşaçılar Teatrının baş rejissoru Kalmıkiyadan mükafatla qayıdıb

 

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov Rusiya Federasiyasının Kalmıkiya Respublikasından mükafatla qayıdıb.

Teatrın mətbuat xidmətindən bildirilib ki, B.Basanqov adına Kalmık Milli Dram Teatrında nümayiş olunan tamaşa yazıçı-dramaturq Əli Əmirlinin kalmık ədəbiyyatının görkəmli nümayəndəsi, mühacirətdə yaşayıb-yaratmış Sandji Balıkovun Zalamca povestinin motivləri əsasında qələmə aldığı pyes əsasında səhnələşdirilib.

Gözlə məni adlı tamaşada sevgi, ümid, ayrılıq kimi hisslər yer alıb. Səhnə əsəri iki sevən qəlbin tale dramından bəhs edir. Tamaşanın bəstəkarı Kalmıkiyanın Əməkdar incəsənət xadimi Arkadi Mandjiyev, rəssamı Yelena Varovadır.

Uğurlu tamaşa və səhnə həllinə görə baş rejissor medalla təltif olunub.

 

Mədəniyyət.- 2016.- 21 dekabr.- S.3.