"Aycan" səhnəyə çıxdı, ay can, ay can!

 

 

Xanımana Əlibəylinin "Aycan" tamaşasını səhnədə görən ilk tamaşaçı nəsli artıq nənə-baba statusundadır. 1973-cü ildə ilk dəfə Gənc Tamaşaçılar Teatrında səhnələşdirilmiş bu mənzum pyes müəllifinə quruluşçu rejissor Ulduz Rəfiliyə az mükafat qazandırmamış, uzun illər repertuardan düşməmişdi. Budur, illər ötəndən sonra "Aycan" birhissəli musiqili alleqoriya kimi yenidən səhnəyə çıxır.

Kiçikyaşlı məktəblilər üçün nəzərdə tutulmuş əsərin məzmunu sadə ibrətamizdir: futbol oynamağı çox sevən Aycan (Anar Seyfullayev) onun gül-çiçəyi çox sevən bacısı Gülyaz (Xəyalə Meydanova) yola getmirlər. Aycan bacısını həyətdə hər tərəfdə lək düzəldib güllük saldığı üçün futbol oynamağa yer tapmadığına görə qınayır, Gülyaz isə qardaşını gül-çiçəyə, şəfalı otlara biganə olmaqda. Hətta ona oxumaq üçün güllər, bitkilər barədə kitab da verir. Elə əsl tamaşa da bundan sonra baş verir.

Kitab oxuya-oxuya yuxuya gedən Aycan insanların çox sevdiyi ətirli güllərin, şəfalı bitkilərin qənimi sayılan Balaca qanqala çevrilir, hətta özünə Böyük qanqal (Ramiq Nəsirov) kimi hami, Pıtraq (Natiq Fərzəliyev) kimi müttəfiq tapır, Çayır (Anar Səfiyev) kimi dil pəhləvanı ilə birləşib güllərə qarşı mübarizəyə qoşulur. Gülyaz da bu yuxu-nağılın qəhrəmanıdır, bu nağılda onun adı Çobyas, yəni insanlara şəfa bəxş edən Çobanyastığıdır. Qanqal, Pıtraq Çayır kimi alaq otları ilə mübarizə aparan güllər birləşməyi bacarırlar: Qərənfil (Könül Əbilova), İncigülü (Simuzər Ağakişiyeva), Qızılgül (Gülbəniz Mustafayeva) Çobyas ilə birlikdə yenicə açmış Sevinc gülünü (İradə Rəşidova) düşmənlərdən qorumağa çalışırlar. Bir qədər çarpışdıqdan sonra ətirli gözəl güllər alaq bitkilərinə qalib gəlirlər.

Mənzum pyesə bəstəkar Rüfət Ramazanov çox gözəl musiqi bəstələyib, demək olar ki, bütün personajlar üçün mahnı yazıb. Baletmeyster Yelena Volkova isə maraqlı rəqslər qurub. Tamaşanın quruluşçu rəssamının da əməyi az deyil. Xüsusilə tamaşa iştirakçılarının geyimləri çox gözəl tikilib. Qərənfilin qərənfil olduğunu, İncigülünün inciçiçəyi olduğunu balaca tamaşaçıya ayrıca izah etməyə ehtiyac yoxdur. Gül-çiçək haqqında azacıq anlayışı olan balaca seyrçi onları dərhal tanıyacaq. Bununla belə, bizcə, ən gözəl kreativ geyim Çayır üçün tikilib.

Pıtraq rolunda çıxış edən Natiq Fərzəliyevdən başqa, tamaşada teatrın gənc aktyorları məşğuldur. Onların səhnədə inamlı çıxışı, süni dramatizmə və gülüşə getmədən öz rollarını kifayət qədər ciddi oynamaları, hadisələrin dinamik inkişafı isə təbii ki, quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun xidmətidir.

İndiki uşaqların mobil telefon və planşetdən başqa heç nə ilə maraqlanmadığını, Maşa və Ayı"dan başqa heç bir nağıl qəhrəmanını tanımadığını düşünənlər fikirləşə bilərlər ki, "Aycan" onları çətin maraqlandıra. Amma yox, onlar yanılırlar. Birincisi, bu əsərdə adətən həmyaş övladı olan ikiuşaqlı ailələrdə rast gəlinən bacı-qardaş maraqlarının "konflikti" var. Üstəlik, həmin konflikt də həm qız, həm də oğlan uşağının psixotipinə və yaş xüsusiyyətinə tam uyğun gəlir. İkincisi, tamaşa rəqs və mahnılarla boldur, bu isə bütün günü televizorda şou görən uşaqların xoşuna gəlməyə bilməz. Ən başlıcası, "Aycan" tamaşasında didaktik şəkildə qabardılmayan əsas məqam - dostluğun qələbəsi, hətta gözəllərin də (güllərin simasında) bir-birini sevərək qayğısına qalmağı bacarması kimi ibrətamiz nümunə var.

Balaca teatralların münasibətinə gəlincə isə, premyera günü tamaşaya həvəslə, hay-küy salmadan baxan kiçikyaşlı məktəblilərin səhnədə baş verənlərə reaksiyası, alqışları göstərdi ki, "Aycan" yenidən Gənc Tamaşaçılar Teatrının repertuarında möhkəmlənəcək.

Gülcahan

 

Mədəniyyət.- 2016.- 21 dekabr.- S.7.