Hər sənətin birincisi olmaq daha gözəldir

 

 

Gənc, istedadlı musiqiçi Nərgiz Eminova Azərbaycanda bir yeniliyə imza atıb. O, ilk dəfə olaraq qadınlar arasında klarnet ifaçısı kimi tarixə düşəcək. Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kursunda təhsil alan gənc ifaçı bu musiqi alətini seçməkdə yanılmadığını deyir.

O, 1997-ci ildə Bakı şəhərində doğulub. 5 yaşı olarkən valideynləri onu Müslüm Maqomayev adına 26 saylı 7 illik Musiqi məktəbinin pianino sinfinə qoyublar. Nərgiz bildirir ki, onun öncədən pianinoya həvəsi olmayıb: Özümü heç vaxt pianinoçu kimi görmürdüm. Özəlliklə anam pianinoçu olmağımı istəyirdi. 2008-ci ildə valideynlərim daha yaxşı təhsil almağım üçün məni Bülbül adına Orta ixtisas musiqi məktəbinə qoydular. Buna baxmayaraq pianino ilə məşğul olmaq istəmirdim.

Nərgizin pianinoya qarşı həvəssizliyinin kökündə onun uşaqlıqdan nəfəsli musiqi alətlərinə olan sevgisi dururdu: Nəhayət, bununla bağlı məktəbin direktoruna fikrimi bildirdim. Çətinliklə də olsa, məni klarnet üzrə fakültativ bölməyə keçirdilər. 6 ay klarnet ifa etdikdən sonra imtahan olduXalq artisti, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Teymur Göyçayev qısa müddətdə aləti mənimsəməyimi dedi və ifamı çox bəyəndi. Bundan sonra bu ixtisası seçdim.

Nərgiz indi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kursunda klarnet üzrə təhsil alır. Eyni zamanda zurnabalabanda da ifa etməyi bacarır: Məncə, hər sənətin birincisi olmaq daha gözəldir. Xalqımız klarnet alətində səslənən musiqiləri, xüsusilə toy məclislərində bu alətin səslənməsini çox sevir, ona görə insanlar qadın ifaçı görəndə şaşırırlar. Üç ildir bu alətdə ifa edirəm. Biz qrupda üç qızıq: onlardan biri fleyta və digəri faqotda ifa edir. Cəmiyyətdə faqotfleytaçalan qadınları çoxdan qəbul edirlər, mən də klarnet ifaçılığında bir ilkə imza atdığım üçün məmnunam.

Bildirək ki, Nərgiz Eminova indiyədək bir çox konsert salonlarında çıxışlar edib, fəxri fərmanlar və diplomlarla mükafatlandırılıb. Hazırda Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Uşaq-Gənclər Simfonik Orkestrində fəaliyyət göstərir.

S.Qaliboğlu

 

 

Mədəniyyət.- 2016.- 21 dekabr.-S.11.