Nüsrət Kəsəmənlinin 70 illik yubileyi ilə bağlı tədbir keçirilib

 

 

 

   Dekabrın 15-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Zirə Eko Parkda tanınmış şair-publisist Nüsrət Kəsəmənlinin 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

   Tədbirdə mərhum şairin sənət dostları, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, Nüsrət Kəsəmənlinin ailə üzvləri, ədəbiyyatsevərlər iştirak ediblər. Xatirə axşamında Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Xalq artisti Nazpəri Dostəliyeva, bəstəkar Cabbar Musayev, müğənnilər Könül Kərimova və digər çıxış edənlər şairlə bağlı xatirələrini bölüşüblər, onun yaradıcılıq xüsusiyyətlərindən söz açıblar.

   Bildirilib ki, məhəbbət, gənclik, sevgi şairi Nüsrət Kəsəmənli ümumbəşəri, milli dəyərlərə önəm verdiyi üçün zamanın fövqündə dayanan qələm sahiblərindən biri idi. Onun 150-dən çox şeirinə musiqi bəstələnib. Şair-publisist bir sıra sənədli filmlərin ssenari müəllifidir. “Dünyaya pəncərə” sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub.

   Tədbirdə müğənnilərin ifasında Nüsrət Kəsəmənlinin şeirlərinə bəstələnmiş mahnılar dinlənilib.

 

 

Mədəniyyət.- 2016.- 21 dekabr.-S.13.