“İrəvan - gizlədilmiş həqiqətlər”

 

 

 

 Yeni sənədli filmin nümayişi keçirilib

  

   Dekabrın 21-də Bakıda “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin (Azərbaycan, rusingilis dillərində) təqdimatı olub.

   Ekran əsəri Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağİnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlib. Filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, quruluşçu rejissoru Teymur Nəcəfzadədir.

   Virtual Qarabağİnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev təqdim olunan filmin məzmunu və xüsusiyyətləri haqqında məlumat verib. Bildirilib ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin azərbaycanlılara məxsus zəngin mədəni irsi haqqında məlumatları dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə çatdırmaq sənədli filmin əsas məqsədidir.

   Sonra film nümayiş olunub. Filmdə İrəvan şəhərinin salınması, şəhərdə türk-müsəlman hakimiyyəti, İrəvan qalası, məscidləri, meydanları, karvansaraları, ticarət köşkləri, hamamları, bağları, İrəvanın çar Rusiyası tərəfindən işğalı və demoqrafik vəziyyət, burada azərbaycanlıların mədəni irsinin məhv edilməsi, bu bölgədən azərbaycanlıların köçürülməsi, müasir İrəvanda mədəni irsimiz haqqında tutarlı tarixi faktlar və təsvirlər öz əksini tapır.

   Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sənədli film barədə fikirlərini bölüşüb. Bildirib ki, sənədli ekran əsəri ciddi bir layihədir. Bununla belə, Azərbaycanın qədim şəhəri olan İrəvanın tarixi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması üçün daha çox işlər görməliyik. Vaxtilə bu şəhərdə olmuş məscidlərin, digər müsəlman-türk abidələrinin təsviri olan açıqcalar, bukletlər hazırlanmalıdır, turistlər arasında yayılmalıdır ki, onlar ermənilərin Azərbaycan tarixini necə məhv etdiyini bilsinlər. Xaricə gedən diplomatlarımız, xaricdə yaşayan soydaşlarımız, gənclərimiz bu filmin dünyada yayılmasında iştirak etməlidir.

   Prezidentin köməkçisi qeyd edib ki, adətən qonşu ölkələr bir-birinin inkişafına töhfə verir, ancaq ermənilərlə qonşuluq bizə yalnız problemlər, mədəniyyətimizin dağıdılma təhlükəsi, təhlükəsizliyimizə təhdid yaradıb, xalqımıza qarşı soyqırımı törədilib. Bizim geosiyasi vəzifəmiz isə ermənilərdən tariximizi, mədəniyyətimizi, fiziki varlığımızı, gələcək inkişafımızı qorumaqdır.

   Gənclər və idman naziri Azad Rəhimov deyib ki, ermənilər tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus qeyri-maddi, mədəni tarixi abidələr məhv edilir. Bu vəhşiliklər daha əvvəllər İrəvanda, sonra Zəngəzur, Göyçə, Verdibasars. tarixi ərazilərdə baş verib. Ən böyük zərbə İrəvan şəhərinə vurulub. Dünyada bəlkə heç bir şəhər İrəvan qədər talan edilməyib. Yüzlərlə tarixi abidə məhv edilib. Qalan bir-iki abidə isə başqa millətlərə mənsubiyyəti ilə nümayiş etdirilir.

   Nazir vurğulayıb ki, təqdim edilən film elmi araşdırmaların geniş kütləyə çatdırılmasında uğurlu vasitədir.

   AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və digər çıxış edənlər də filmin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyətini qeyd ediblər.

 

 

Mədəniyyət.- 2016.- 23 dekabr.- S.4.