Nizami irsi məktəblilərin sənət təfəkküründə

 

Beş ay davam edən baxış-müsabiqə başa çatıb

Dekabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş incəsənət sahələri üzrə baxış-müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

Bilik öyrənməyi ar bilən hər kəs dünyada mərifət qazana bilməz! devizi altında keçirilmiş baxış-müsabiqədə Bakı ilə Gəncə şəhərlərinin 11-17 yaşlı uşaq və gəncləri iştirak edib.

Tədbirə gələnlər öncə Beynəlxalq Muğam Mərkəzinin foyesində müsabiqə iştirakçılarının Nizami əsərləri mövzusunda çəkdikləri rəsm əsərləri ilə tanış oldular.

Tədris-Metodik Mərkəzinin direktoru Kəmalə Cəfərzadə tədbiri açaraq müsabiqənin mahiyyəti haqqında iştirakçılara bilgi verdi. Bildirildi ki, 33 ildir fəaliyyət göstərən mərkəzin hazırda başa vurduğu bu müsabiqə 5 ay davam edib. Yarışmaya Bakı və Gəncə şəhərləri üzrə 232 təhsil ocağı qatılıb və bütövlükdə müxtəlif nominasiyalar üzrə 84 nəfər qalib adını qazanıb.

Sonra Nizami irsi və ədəbiyyat, Nizami yaradıcılığı və musiqi, Xəmsə təsviri sənətdə, Xəmsə dekorativ-tətbiqi sənətdə nominasiyaları üzrə I, II və III yerləri tutmuş qalib və mükafatçılara diplomlar, eləcə də qiymətli hədiyyələr verildi.

Mərasimdə səhnəciklər göstərildi, musiqilər səsləndirildi.

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 23 dekabr.- S.5.