Yeni il tətili: hara gedək, nəyə baxaq?

 

   Kimdeyir, desin, bütün bayram tətillərinin dadını çıxaran elə uşaqlardır. Ayrı vaxt balacaların gəzmək istəyini min bir bəhanə ilə təxirə salan böyüklər də elə bayram tətilində daha rəhmli olur, bəziləri isə uşaqların hesabına bir qədər mədəni istirahət etmək şansından həvəslə bəhrələnirlər.

   Beləliklə, qarşıdan gələn Yeni il tətilinin əsas sualı doğulur: nə vaxt hara gedək, nələrə baxaq?

     

   Ən böyük səhnə uşaqların ixtiyarında

  

   Dekabrın 25-dən etibarən Heydər Əliyev Sarayında balacalar üçün Yeni il şənliklərinə start verilir. Həmin gün onların yaxşı tanıdıqları qəhrəmanlar - Barboskinlər ailəsi öz dostları ilə görüşə gələcəklər. Rusiyanın “Çastnıy teatrprodüser mərkəzinin təqdimatında “Barboskinlərin Yeni il macəraları”nın tamaşaçılarını zəngin təəssürat, hədiyyə və sürprizlər gözləyir. Yeni ilin ən vacib iki personajının - Şaxta baba ilə Qar qızın da qoşulduğu bu macəra əsl detektiv əhvalat olacaq. Hər halda təşkilatçılar belə deyirlər.

   Ayın 27-də isə sarayda «Yeni ilin mübarək, Luntikuşaq tamaşası oynanılacaq. İlk dəfə qış fəslini qarşılayan Luntik öz dostları ilə birlikdə ilin soyuq fəslinin özəllikləri ilə tanış olmaq niyyətindədir. Həm də o, bu işdə tamaşaçılara arxalanır.

   Dekabrın 28-də nümayiş etdiriləcək «Küpəgirən qarının hiyləsi» nağıl tamaşası da əvvəlkilərdən maraqsız olmayacağını vəd edir. Tamaşa bir gündə iki seans - saat 13-də və 16-da göstəriləcək.

   2017-ci ilin ilk günlərində - 2, 3 və 4 yanvar tarixlərində də Heydər Əliyev Sarayı balaca tamaşaçılara əsl bayram sevinci bəxş edəcək «Qar dənəcikləri» musiqili-əyləncəli şənliyin nümayişini davam etdirəcək.

  

   Buzlar ölkəsində” donmayın ha!..

  

   Akademik Milli Dram Teatrının da balaca tamaşaçılara öz töhfəsi var. Dekabrın 24-dən yanvarın 4-dək teatrda hər gün dörd seans - saat 11:00, 13.00; 15:00 və 17:00-da «Buzlar ölkəsində» nağıl-tamaşası nümayiş etdiriləcək. Tamaşa Anar Sadıqovun qələmə aldığı nağıl əsasında hazırlanıb.

   Əlif Cahangirlinin quruluş verdiyi tamaşada əməkdar artistlər Mehriban Xanlarova, Əlvida Cəfərov, Şəlalə Şahvələdqızı, Sevinc Əliyeva, Elxan Quliyev, aktyorlar Cümşüd Zeynalov, Rəşad Bəxtiyarov, Rada Nəsibova, Xədicə Novruzlu, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Mətləb Abdullayev, Dilarə Nəzərova, İlahə Həsənova, Məhsəti Tahirzadə və Firuzə Balayeva çıxış edəcəklər.

   Əsərin məzmununa gəlincə, Şahzadə (o həm də Qar qızdır) Yeni ilə hazırlaşır. Amma cadugər bəd əməlləri ilə onu dondurub özü ilə aparır ki, hər kəs məhz cadugərin ən gözəl xanım olduğuna inansın. Pərilər və cırtdanlar birləşib Qar qızı xilas edirlər.

  

   Al çiçək” Moskvadan gəlir, bizimkilər isə nağılı tapmağı təklif edirlər

  

   Yeni il ərəfəsində, elə bu şənbə və bazar günü S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Moskvanın “Dobraya Skazka” Teatrı «Al çiçək» musiqili nağıl tamaşası ilə çıxış edəcək.

   Uzaq səfərlərə çıxan, hər səfərindən də üç qızına maraqlı, yaddaqalan hədiyyələr gətirən zəngin tacirin sonbeşik qızının başına gələn əhvalatı, sevginin gücüylə Bədheybətin yaraşıqlı gəncə çevrilməsi barədə qədim nağılı kim bilmir ki? Amma hər halda sevginin və xeyirxahlığın qalib gəldiyi nağıla bir daha şahid olmaq xoşdur. Üstəlik, moskvalılar bu nağılı nəğmələrlə bol, süjetin gözlənilməz dönüşləri ilə dolu tamaşa kimi təqdim edirlər.

   Tamaşa gündə iki dəfə - saat 12-də və 15-də nümayiş etdiriləcək.

   Dövlət Rus Dram Teatrının kollektivi də balacaları yaddan çıxarmayıb. Dekabrın 29-dan yanvarın 4-dək teatrda «Nağılı tap-5» bayram tamaşası oynanılacaq. Bu tamaşa da gün ərzində iki seans göstəriləcək: saat 12-də və 15-də.

  

   Sizin üçün çıxış edirŞelkunçik

  

   Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı qış tətili günlərində bir tamaşa ilə klassik musiqisevərlərin görüşünə gələcək. Uzun illərdən bəri teatrın repertuarında olan P.Çaykovskinin «Şelkunçik» baleti yanvarın 4-də saat 14-də oynanılacaq. Əsas partiyaları əməkdar artistlər Nigar İbrahimova (Maşa-şahzadə) və Samir Səmədov (kukla ustası Drosselmeyer), Aza Nurullayeva (Balaca Şelkunçik), Makar Ferştandt (Şelkunçik) və Faiq Qubadov (Siçanlar şahı) ifa edəcəklər.

  

   “Yaşıl adam”ın teatrdakı sərgüzəştləri

  

   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı məktəbliləri qış tətili günlərində məşhur «Qrinç» ilə tanış edəcək. Teodor Syuz Geyzelin «Yeni ili oğurlayan Qrinç» əsəri demək olar ki, bütün dünyada uşaq və yeniyetmələrin sevimli kitablarından sayılır. Düzdür, uşaqların böyük əksəriyyəti bu əsərin motivləri əsasında çəkilmiş «Qrinç» filminə daha yaxşı bələddirlər. Bizim teatrda isə gənc rejissor Elşad Rəhimzadə bu əhvalatı səhnə üçün işləyib.

   Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rəqslərin quruluşçusu Yelena Volkovadır. Qrinçin macəralarını isə İlham Əsədov, Günel Məmmədova, Zümrüd Quliyeva, Ramil Məmmədov, Ceyhun Məmmədov, Eşqin Quliyev, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Asya Atakişiyeva, Səbinə Məmmədova, Vahid Orucoğlu, Mirzəağa Mizəyev, Natiq Fərzəliyev, Bəhram Həsənov, Nuriyyə Əliyeva, Venera Abbasova, Könül Əbilova, Aygün Fətullayeva, Gülbəniz Mustafayeva, Nuranə Hüseynova, Ramiq Nəsirov, Yusif Dadaşov təqdim edəcəklər.

   Yaşıl adamın başına gələnlərlə dekabrın 29-dan yanvarın 5-dək tanış olmaq mümkündür. Bunun üçün hər gün saat 12-də, 14-də, 16-da və 18-də Gənc Tamaşaçılar Teatrına gəlmək olar.

  

   Kuklaçılardan “Yeni il nağılı”

  

   A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrını qəsdən axıra saxladıq. Axı, ən dadlı deserti süfrəyə sonda verirlər. Kuklaçılar ənənəyə sadiq qalaraq, budəfəki bayram tətilini də daimi tamaşaçıları üçün yaddaqalan etməyə çalışıblar. Yaradıcı heyət bu dəfə onlara unudulmazYeni il nağılı” vəd edir.

   Klassikmüasir yozumlu pyeslərdən seçmələrin cəmləşdirildiyi tamaşada balacalar dünyamilli nağıl qəhrəmanlarını bir arada görmək şansı qazanacaqlar. Onlar sevimli personajlarının başlarına gələn ibrətamiz, eyni zamanda komik hadisələrə şahid olacaqlar. Tamaşanın əsas qəhrəmanları Şaxta baba, Qar qız və uşaqların sevimli dostu Dovşandır.

   Teatrın rejissoru Anar Məmmədovun ssenari müəllifi olduğuquruluş verdiyi tamaşada yaxşıların qələbəsi, dürüstlüyün zəfəri və bağışlamağın ən üstün keyfiyyət olması diqqətə çatdırılır. Səhnə tərtibatçısı teatrın baş rəssamı İqbal Əliyevdir. Ritmik musiqilər, xoreoqrafik elementlərlə zəngin tamaşada balacalar onlara çoxdan tanış olan nağıl qəhrəmanlarını (Küpəgirən, Qarğa, İfrit, Piratb.) da izləyə biləcəklər. Rolları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elmira Hüseynova, Elxan İsmayılov, Elnur Xəlilov, Cavid İbrahimov və başqaları ifa edəcəklər.

   Səhnə əsəri 30 dekabrdan 8 yanvaradək hər gün dörd seans (12.00, 14.00, 16.00, 18.00) olmaqla nümayiş ediləcək.

  

   * * *

   Beləcə, əziz oxucular və valideynlər, «Mədəniyyət» qəzeti olaraq, Yeni il tətili günlərində paytaxtımızın müxtəlif məkanlarında göstəriləcək tamaşalarla sizləri tanış etdik. İndi növbə sizindir. Övladlarınızı bu tamaşalara aparın ki, ailəliklə istirahətiniz mənalı keçsin.

   Sizə bələdçilik etdi

  

   Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 23 dekabr.- S.7.