İçərişəhərdə Yeni il ab-havası

 

Xəbər verdiyimiz kimi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Qoşa qala qapısı meydanında Qış qalası adlı Yeni il yarmarkası keçirilir. Dekabrın 20-dən başlayan tədbir şəhərimizdə Yeni il yarmarkası ənənəsini dəstəkləmək məqsədi daşıyır.

Qoşa qala qapısı meydanında qurulan çadırlarda kitablar, əl işləri, suvenirlər, Yeni il atributları, isti qəlyanaltı, şirniyyatlar satılır.

Yarmarkanın koordinatoru Zəhra Bədəlbəyli birinci dəfə belə bir yarmarkanın təşkil olunduğunu deyir: İnanırıq ki, yarmarkaya maraq böyük olacaq. Çünki şəhərimizin bu qədim hissəsi həm sakinlərin, həm də turistlərin görmək istədikləri yerlərdən biridir. Onlar burada alış-veriş edə, maraqlı konsert proqramlarını izləyə və təşkil olunacaq müxtəlif əyləncələrə qoşula bilərlər. Biz də həm şəhər sakinlərini, həm də qonaqları bu bayram ab-havasından zövq almağa dəvət edirik.

Bakının qədim tarixini yaşadan İçərişəhər həm də suvenir dükanlarının çoxluğu ilə seçilir. Yarmarkada da geniş çeşidli suvenirlər təklif olunur. Suvenirlər ölkəmizin tarixini, mədəniyyətini öz yığcam görünüşlərində əks etdirir.

Vasif adlı suvenir satıcısı deyir ki, paytaxtın bu məkanına xarici turistlər xüsusi maraq göstərir: Alıcılar daha çox şüşə suvenirlərə, rəsm əsərlərinə, təsbehlərə, bəzi əl işləmələrinə, milli geyimlərə daha çox üstünlük verirlər.

Bundan başqa, dükanlarda üzərində ölkəmizə aid müxtəlif yazılar, loqolar və üçrəngli bayrağımızın əks olunduğu köynəklərə də rast gəlmək olur.

Kitab satıcısı Anar Həsənov yarmarkaya Azərbaycan, türk, rusingilis dillərində kitabların çıxarıldığını deyir: Kitabların əksəriyyəti Türkiyədə nəşr olunub. Dünya ədəbiyyatının müxtəlif nümunələri, tarixlə bağlı kitablar, həmçinin uşaq ədəbiyyatı təklif edirik. Yarmarka ilə əlaqədar kitablara 20-25 faiz endirim etmişik.

Yarmarka ilə maraqlanan şəhər sakini Aydan Səmədova deyir ki, burada əsl bayram ab-havası var: Bura tələbə yoldaşlarımla gəlmişəm. Bir-iki suvenir almışıq. Həmçinin kitablarla maraqlandıq. Burada istədiyin bayram hədiyyəsini tapmaq olar. Axşam başlayacaq konserti gözləyirik.

Qış qalası Yeni il yarmarkasında müxtəlif ölkələrdən turistlər də vardı. İraqdan gəlmiş turistlərlə həmsöhbət olduq. Bilal Abbas deyir ki, buranın çox fərqli havası var. Bu ailəmlə birlikdə Bakıya birinci səfərimizdir. Bakı çox təmiz və qeyri-adi bir şəhərdir. Hər yerdə bayrama hazırlıq gedir. Yeni il bayramı bizə çox qəribə və qeyri-adi görünür. Bizdə belə bir bayram qeyd olunmur.

Təşkilatçılar uşaqları da unutmayıblar. Yarmarka günlərində balacalar üçün əyləncəli animasiya proqramı nəzərdə tutulub. Dekabrın 29-dək uşaqlar Şaxta babaya məktub yazaraq finalda hədiyyələr əldə edə biləcəklər.

Yarmarka günlərində, həmçinin müxtəlif əyləncəli müsabiqələr keçiriləcək, qaliblərə hədiyyələr təqdim ediləcək. Eyni zamanda Qış qalası ziyarətçiləri sadəcə öz məlumatlarını daxil edərək iştirakçı olacaqları lotereyada xaricə ikinəfərlik səyahət bileti qazanmaq şansı əldə edəcəklər.

Qeyd edək ki, yanvarın 10-dək davam edəcək yarmarkada hər gün saat 19-dan 21-dək konsert proqramı təşkil edilir. Bir sözlə, qədim şəhərin divarları arasında qurulmuş Qış qalası Yeni il yarmarkası hər kəsə zəngin təəssürat bəxş edəcək.

Sizlər də bayram havasını dadmaq üçün vaxt tapıb bu məkana baş çəkin.

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 23 dekabr.- S.8.