Turizm şirkətlərindən Yeni il tətili turları

 

 

 

   Ölkə daxilində istirahətə üstünlük verənlərin sayı artır

  

   Hər bayram tətilində olduğu kimi, Yeni il bayramı günləri də ölkəmizdə müxtəlif səyahətlər, rəngarəng turlarla zəngin dövr olur. Turizm şirkətləri maraqlı turpaketlər, hotelrestoranlar isə mənalı istirahət və əyləncə imkanları təklif edirlər. Təbii ki, bu təkliflərdən yararlanmaq hər kəsin imkanına bağlıdır.

   Bununla belə, istirahət etmək istəyənlər öncədən turpaket almaqla müəyyən məbləğə qənaət etmiş olurlar. Bu il 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il bayramı ilə bağlı qeyri-iş günlərindən yararlanaraq ölkə daxilində istirahət etmək istəyənlərin sayı daha çoxdur. Bunu bizimlə söhbətində turizm şirkətlərinin nümayəndələri də qeyd etdilər.

   “Baku Travel & Tourism” şirkətinin icraçı direktoru Əziz Şiriyevin sözlərinə görə, daxili turizm ildən-ilə daha da populyarlaşır. Bunun səbəblərindən biri ölkəmizdə müasir turizm infrastrukturunun genişlənməsidirsə, digər tərəfdən də manatın xarici valyuta qarşısında dəyər itirməsi ilə əlaqədardır. Xarici ölkələrə turların bahalaşması nəticəsində ölkə daxilində istirahət edənlərin sayı artmaqdadır: “Budəfəki bayram günlərində də bölgələrimizdə istirahət etmək üçün xeyli sayda müraciətlər alırıq. Şəki, Qəbələ, İsmayıllı, QaxQusar rayonları daha çox sifariş olunan məkanlar sırasındadır. Bu rayonlara təşkil olunan bayram turları paketinə 2 gecə, 3 gün olmaqla gündə 3 dəfə yemək, şou proqram, nəqliyyat, bələdçi xidməti, professional fotosessiya da daxildir. Qiymətlər 200 manatdan başlayır, uşaqlar üçün isə 100 manata hesablanır”.

   Müsahibim deyir ki, artıq bir neçə ildir ki, qış istirahət məkanları sırasına “Şahdağ” və “Tufandağ” dağ-xizək kompleksləri də əlavə olunub. Bu məkanlarda turların qiyməti istirahətin müddətindən və hoteldən asılı olaraq dəyişir. “Şahdağ” Turizm Mərkəzində yerləşən hotellərdə 28 dekabr-10 yanvar tarixlərində yerlərin, demək olar ki, hamısı bronlaşdırılıb.

   Qış mövsümünə dekabrın 15-dən start verilən “Şahdağ”da ötən illə müqayisədə bu il qiymətlərdə dəyişiklik yoxdur: “Bu ilin qış mövsümündə “Şahdağ”a ilk turlarımızı dekabrın 17-18-də etdik. Turun qiyməti 22 manatdır. Bura nəqliyyat, bələdçi xidməti, səhər yeməyi, avtobusda suşirniyyat, professional fotosessiya daxildir. Tur zamanı 1 kanat yolundan istifadə 6 manatdır. Kompleksdə xizək yollarına aparan 3 kanat istifadədədir. 16 manat ödəməklə istənilən kanat yolundan istənilən qədər istifadə etmək olar. Təkcə xizəyin kirayə qiyməti 22 manat təşkil edir. Xizəkdən istifadə qiyməti vaxta görə bölünmür, yəni 1 saatlıq və ya 1 günlük qiymət eynidir”.

   “Cruise Travel” şirkətinin tur meneceri Ülvi Sultan 165 manatdan başlayan qiymətlə Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ istiqamətində turlar, 31 dekabr - 3 yanvar tarixlərində bir nəfər üçün 195 manata “Quba Holiday Villages” hoteldə (3 gecə 4 gün) turların nəzərdə tutulduğunu bildirdi. Bu qiymətə rahat nəqliyyat vasitəsi, gündəlik 3 dəfə qidalanma, hoteldə gecələmə, ekskursiyalar, əyləncəli bayram proqramlarında iştirak, foto çəkilişləri daxildir.

   Bəzi turizm şirkətləri həm adi, həm də bayram günlərində Azərbaycanın müxtəlif regionlarına birgünlük turlar da təklif edirlər. Avtobusla Qəbələ-Lahıc turunu 25 manata əldə etmək olar. 5 yaşa qədər uşaqların pulsuz aparıldığı tura nəqliyyat, səhər yeməyi, çay süfrəsi, ekskursiyalar daxildir. Eyni şərtlərlə Qəbələ-Şəki turunun qiyməti 23 manat, Gəncə-Göygöl turu 29 manat, Quba-Şahdağ turu isə 22 manatdır.

   “Turizm.az” şirkətinin əməkdaşı Suzanna Vəliyeva deyir ki, bayram öncəsi turlar üçün müraciətlər artıb: “Turistlərimiz üçün Azərbaycanın hər bir zonasına turist səfərləri təşkil edirik. Qış turizm mövsümündə isə ölkə daxilində daha çox şimal zonası istiqamətinə müraciətlər olur. “Şahdağ” və “Tufandağ” turizm mərkəzlərini seçən turistlərimiz üstünlük təşkil edir. Yeni il öncəsi həm 1 günlük, həm də 3 gecə 4 günlük turlar təklif edirik. Bundan əlavə, fərdi şəkildə müraciət edən turistlərimiz də olur ki, onların da istədikləri turizm obyektlərində yerləşməsini təmin edirik”.

   Həmsöhbətim ötən ilə nisbətən birgünlük turlarda qiymət artımının olmamasını desə də, 3, 4 günlük turlarda qiymət artımı olduğunu vurğuladı: “Bayram vaxtı Balakənə 3 gecə 4 günlük Yeni il turumuz var. Bütün xidmətlər daxil turun qiyməti 400 manatdır. Tura həmçinin Şəki, Zaqatala və Balakən rayonları ərazisinə ekskursiyalar da daxil edilib”.

   Bayram günlərində müxtəlif xarici ölkələrə turlara gəlincə, manatın devalvasiyası üzündən bu səfərlərin qiyməti daxili turlardan 2-3 dəfə bahadır. Turizm şirkətlərində deyirlər ki, hər nə qədər müxtəlif kampaniyalar təşkil olunsa da, qiymətləri çox aşağı salmaq mümkün deyil. Yəni dollaravro ilə əslində eyni qiymətlərdir və sadəcə manatla ifadədə ciddi bahalaşma var. Avropa istiqamətində hər hansı endirimlər yoxdur, yalnız İstanbul hotelləri bir sıra endirimlər təklif edirlər.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 23 dekabr.- S.9.