Bakıda türk dünyası qadın geyimlərinin nümayişi

 

 

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın milli geyimləri təqdim olunub

Dekabrın 21-də Bakıda Ənənədən bu günə türk dünyası qadın geyimləri dəfiləsi keçirilib. Geyim nümayişi Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı, Ankara Yetkinləşmə İnstitutu, Gülnarə Xəlilova moda evi, Qazaxıstan moda eviHanum moda agentliyinin dəstəyi ilə baş tutub.

Tədbirdə Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım və Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək layihəni yüksək dəyərləndiriblər. Moda dəfiləsinin türk dünyası ölkələri arasında mədəni birliyin əhəmiyyətini önə çəkmək, dizaynerlərin hazırladıqları milli geyim nümunələrini təbliğ etmək, türk dünyası ölkələrinin moda durumunu sərgiləmək baxımından vacibliyi vurğulanıb.

Sonra ənənəvi motivlər və naxışlarla bəzədilmiş bir-birindən gözəl geyimlər nümayiş olunub.

Beş hissədən ibarət olan dəfilənin birinci hissəsində Azərbaycan milli dəyərlərini əks etdirən xüsusi kolleksiya sərgilənib.

İkinci hissədə Qazaxıstanın əsrlərdən bu günədək qoruyub saxladığı, milli dəyərlərin ön plana çəkildiyi qadın geyimləri təqdim edilib.

Üçüncü hissədə tarixdən bu günə nağıl kimi bir yolçuluğa çıxaraq bənzərsiz işləmələrin ehtişamını əks etdirən Türkiyə geyimləri yer alıb. Qırğızıstanın milli geyimləri də maraqla qarşılanıb.

Dəfilənin sonuncu hissəsində modelyer Gülnarə Xəlilovanın Azərbaycanın xalça motivləri əsasında hazırladığı Xalıların dili adlı xüsusi kolleksiyasından geyimlər nümayiş olunub.

Hər hissədə 12 geyimin sərgiləndiyi dəfilədə iştirakçı ölkənin bir sənətçisi ifası ilə gecəyə rəng qatıb.

 

Mədəniyyət.- 2016.- 23 dekabr.- S.16.