Dövlət Gömrük Komitəsinin 25 illiyi münasibətilə fotosərgi açılıb

 

 

   Dekabrın 27-də Bakıda Muzey Mərkəzinin sərgi qalereyasında Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyi münasibətilə komitənin əməkdaşı, həvəskar fotoqraf Aydın MehdiyevinGömrükçü həyatı” adlı fərdi fotosərgisinin açılışı keçirilib.

   Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev tədbirdə çıxış edərək bildirib ki, gömrükçülər peşə fəaliyyətindən başqa, mədəniyyət sahəsinə, irsimizin qorunmasına da xüsusi diqqət göstərir. Mədəniyyət və Turizm Nazirliyi bu tip tədbirlərin həyata keçirilməsində daim Gömrük Komitəsinə dəstək olur.

   Komitə sədri qeyd edib ki, Azərbaycanda indiyədək bir sıra sərgiləri keçirilən Aydın Mehdiyev, eyni zamanda, xarici ölkələrdə təşkil olunan fotosərgilərə də qatılıb. BP şirkətinin London, Paris, Cenevrə və digər şəhərlərdə keçirdiyi “Azərbaycan obyektivdə” adlı fotosərgidə iştirak edib, ABŞ-ın “View Bug” fotomüsabiqəsində onun əsəri 116 min foto arasında ilk onluğa düşüb. Sərgidə nümayiş etdirilən fotolarda gömrük əməkdaşlarının fəaliyyətindən, qaçaqmalçılığa qarşı mübarizə aparmalarından bəhs edilir.

   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Gömrük Komitəsinin 25 illiyinə həsr olunan silsilə tədbirlərin mədəniyyət tədbiri ilə başlaması xüsusi əhəmiyyət daşıyır. Bizim Dövlət Gömrük Komitəsi ilə birgə işçi qrupumuz var. Çalışırıq ki, ölkədən vacib olan dəyərli, tarixi əşyaların qanunsuz çıxarılmasına qarşı birgə mübarizə aparaq. Eləcə də ölkəyə gələn turistlərin Azərbaycanın irsinə aid suvenirləri gömrükdən asan keçirməsinə şərait yaradılmasına səy göstəririk.

   Nazir qeyd edib ki, gömrükçülərin keçirdiyi mədəniyyət tədbirləri, “Gömrük muzeyinin yaradılması komitənin Azərbaycan xalqının mədəni irsinə verdiyi dəyərdir. Daha sonra Ə.Qarayev gömrükçü və həvəskar fotoqraf Aydın Mehdiyevə nazirliyin "Fəxri mədəniyyət işçisi" döş nişanını təqdim edib.

   Qeyd edək ki, sərgidə Aydın Mehdiyevin 120 foto işi nümayiş olunur. 18 ildən artıq gömrük orqanlarında xidmət edən A.Mehdiyev eyni zamanda fizika-riyaziyyat elmləri namizədidir, iki kitabın müəllifidir.

   Gömrükçü həyatı” fotosərgisi dekabrın 30-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.2.