Sənətə sədaqət kitabının təqdimatı

 

 

Dekabrın 23-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış kamança ifaçısı, Əməkdar artist Mirnazim Əsədullayevin həyat və yaradıcılığından bəhs edən Sənətə sədaqət kitabının təqdimat mərasimi keçirilib.

Kitabda tanınmış kamança ifaçısının 65 illik yubileyi ilə əlaqədar sənət dostlarının təbrik və ürək sözləri, müxtəlif illərdə haqqında hazırlanan televiziyaradio verilişlərinin mətni, məqalələr yer alıb. Nəşrin tərtibçisi Əhsən Rəhmanlı, ön sözün müəllifi akademik Rafael Hüseynovdur.

Tədbiri giriş sözü ilə açan akademik, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov vurğulayıb ki, Mirnazim Əsədullayev Tanrının sevimli bəndələrindəndir. Onun payına həm yaxşı sənətkar, həm yaxşı insan olmaq xoşbəxtliyi düşüb. O, həyatı boyu saf insani keyfiyyətlərə nə qədər sədaqətli olubsa, eyni vəfa və etibarı qəlbinin min bir teli ilə bağlandığı musiqiyə, muğama, kamançaya da göstərib.

Universitetin prorektorları Validə Məmmədova, Gülşən Əliyeva təbrik nitqləri ilə çıxış ediblər, Mirnazim Əsədullayevin pedaqoji fəaliyyətindən söz açıblar.

Sənətkar kitabın ərsəyə gəlməsində zəhməti olanlara və tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirib. Tədbir Musiqi sənəti fakültəsi tələbələrinin ifaları ilə davam edib.

Lalə

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.4.